• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Hüseynin iPhone oyunu: Kim uddu? - Qalib İbrahimoğlu yazır
YAZARLAR
18 Aprel 2022 | 15:19

Hüseynin "iPhone" oyunu: Kim uddu? - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Bizdə heç sinəsinə döyüb mənəm-mənəm deyən müğənninin konsertində bu qədər izdiham yaşanmır. Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovla görüşə gələnlərinsə sayı-hesabı yox idi.

Əvvəllər belə çığır-bağırı qızlar Türkiyədən gələn hansısa məşhur kişi müğənnisinin, tutaq ki, Tarkanın, yaxud Murad Bozun konsertində çıxarırdılar. “Tar-kaaannnn”, yaxud “Mu-radddd” deyib elə qışqırırdılar ki, sanki Tarkanla, Muradla orta okula bir gediblər.

Hüseynlə görüşdə də elə səslər çıxırdı. Amma bu dəfə oğlanların səsi qızların səsini batırırdı. Elə bil şərt kəsilmişdi ki, kim ucadan bağırsa. iPhone-13 onun olacaq. Yeri gəlmişkən, deyəsən, Hüseyn o telefonu heç kəsə verməyib, çığır-bağır, hətta arada qamçılanmaq (kəmərlə vurulmaq) görüşə gələnlərin özünə qalıb. Kəmər demiş, o görüşdə əsas diqqəti çəkən cangüdənlərdən birinin səhnəyə çıxmağa çalışan pərəstişkarları kəmərlə vurmağa çalışması idi. Düzdü, məsələ ilə bağlı Hüseyn açıqlama yayaraq, həmin şəxsin onun cangüdəni olmadığını, heç də xoş rəftar etmədiyin deyərək, həmin şəxsin kim olduğunu araşdıracağını demişdi. Əlüstü də araşdırma aparılaraq, müəyyən edilmişdi ki, bəs həmin şəxs səhnə quraşdırıcısı olub. "O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxartmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?"

Bu, ona lazım olsa da, olmasa da, həmin adam həbs olunub. Bu da Hüseynlə görüşün “xeyri”.

Bundan daha diqqətçəkən məqam isə o qədər insanın qapalı məkanda maskasız olmasıydı. Səhv etmirəmsə, bizdə xüsusi karantin rejimi hələ bitməyib, axı. Bitməyibsə, demək, hər kəs, elə Hüseyn başqa olmaqla, onunla görüşə gedənlərin hər biri bu tələblərə əməl etməlidi. Amma… Elə görüşdə maska-muska yada düşər?

DİN-dən deyilib ki, bəs karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxarıblar. İri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.

Hansısa kənd yeməkxanasında içəri maskasız girən şəxsin boynuna cərimə yapışdırılır, obyektin sahibi də eyni qaydada cərimələnir. Amma o boyda qapalı məkanda o qədər adamdan bir nəfər belə cərimələnməyib hələ ki…

Nə isə, Hüseyn Həsənovun bir telefonuna görə, iki gündür, içi biz jurnalistlər qarışıq, hamı əsir-yesir qalıb..


SON XƏBƏRLƏR

23 Aprel 2024