Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaçay kəndində baş verib.
Əslən Qax rayonu Qaşqaçay kəndindən olan Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Niyazi oğlu Məmmədovun meyiti Qax rayonu Qaşqaçay kəndində özünə məxsus evin sanitar qovşağında qohumları tərəfindən aşkar olunub.
İlkin araşdırma zamanı E. Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. E. Məmmədov bu gün Qaşqaçay kənd qəbirsanlığında dəfn olunub.
Əldə olunan məlumata görə, E.Məmmədov bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş. Hazırda təqaüddə olan keçmiş hərbçi polkovnik-leytinat E. Məmmədov SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak edib və SSRİ-nin bir çox hərbi hissələrində qulluq edib. 1992-ci ildə ailəliklə Azərbaycana qayıdan E. Məmmədov hərbi xidmətini 1999-cu ilin sonlarına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirib.
Faktla bağlı araşdırma aparılır.