• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Koronaviruslu günlərimizə şükür... - Qalib İbrahimoğlu yazır
YAZARLAR
14 Dekabr 2021 | 14:49

Koronaviruslu günlərimizə şükür... - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Kasıb bir kişinin bacısı oğlu gəlib deyir ki, dayı, nə vaxta qədər belə yaşayacağıq, gedək, şahın xəzinəsini yaraq, biz də insan ömrü sürək.

Dayı deyir ki, ay bacıoğlu, bu günümüzə şükür elə, get, kasıbçılığını et! Bacıoğlu dayının məsləhətini dinləmir, üstəlik, onun özünü də yoldan çıxardır.

Nə isə, gedib xəzinəni yaranda, gözətçilər bunları həbs edib atırlar zindana. Bacıoğlu vəziyyətin qəliz olduğunu görüb, deyir ki, ay dayı, indi nə edəcəyik?

Dayı da sakitcə deyir ki, bu günümüzə şükür et, oturmuşuq də zindanda. Onun belə deməsi dəliqanlı bacıoğlunu əsəbiləşdirir.

Bir neçə gündən sonra gözətçilər onları zindandan çıxardıb aparırlar meydana ki, dar ağacından assınlar. Bacıoğlu həyacanla deyir ki, ay dayı, daha bundan o yana yoxdur, nə edək?

Dayı da sakitcə deyir ki, bu günümüzə şükür et. Bacıoğlu lap cin atına minir bu sözdən sonra. Deyir, a kişi, boynumuzu kəndirə keçirirlər, sən isə deyirsən, şükür et.

Cəllad onların boynunu kəndirə keçirmək istəyəndə, çapar təngnəfəs gəlir və cəllada deyir ki, dayanın.

Bacıoğlu ümidlənir, elə bilir ki, edamdan qurtulublar.

Çapar deyir ki, şahın fərmanı var, bu adamlar asanlıqla ölməməlidir. Şah əmr verib ki, onları şaqqalayıb hissələrə bölmək lazımdır.

Dayı bacıoğluya baxıb deyir ki, a bala, sənə demədim ki, bu günümüzə şükür et?!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  koronavirusla bağlı yaydığı məlumatları oxuyanda istər-istəməz bu lətifə yadıma düşdü.

Dünya səhiyyəsinin ən ÜST qurumu olan ÜST koronavirusun hələlik ən yeni ştamı sayılan “Omikron”dan xəstəxanada müalicə olunanların və ölənlərin sayının artacağını elan edib.Təşkilat bəyan edib ki, bir çox ölkə bütün yoluxma və ölüm hallarına dair nümunələri ardıcıl tədqiq etmək üçün lazım olan imkanlara malik deyil. Ona görə də konkret variantdan ölüm hallarına dair məlumatları təqdim etmək çətin ola bilər. ÜST "Omikron"un ağırlıq dərəcəsinə dair yaxın vaxtlarda daha səhih məlumat gözləyir.

Hələ bu, harasıdır? Demə, pandemiya başa çatandan sonra bəşəriyyəti COVID-dən də betər dərd-bəla gözləyəcək. Demək, koronaviruslu günlərimizə şükür etməli olacağıq.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib ki, bəs pandemiya başa çatdıqda, biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s.

Aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyindən sonra sairənin deyilməsi aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyinə şükür oxutduracağından xəbər verir.

Kəsəsi, adamın kürkünə birə salan belə açıqlamaları oxuyub koronaviruslu günlərimizə şükür edək...


SON XƏBƏRLƏR