"Bəzi yerlərdə bələdiyyə seçkilərinə üzv olmaq istəyən namizədləri qorxudurlar".
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Bələdiyyə seçkiləri ilə bağlı mövcud gedişatı şərh edən H.Hacıyev qeyd edib ki, rəhbərlik etdiyi partiyanın 20 üzvü seçkilərdə namizədliyini irəli sürüb.
"Bəzi qüvvələr keçiriləcək bələdiyyə seçkilərinə kölgə salmağa çalışırlar. Azərbaycanda yerli rüşvətxor məmurlar var olduqca, ölkədə normal seçkilərin keçirilməsi mümkün deyil. Bütün hallarda bələdiyyə seçkilərinin səlahiyyətləri artırılmalı və Türkiyə modelinə keçid olunmalıdır. Nəzərdə tutulan bələdiyyə seçkilərində əsas səlahiyyət yerli icra orqanlarına verilməməlidir. Qarşıdakı dövrdə bələdiyyənin fəaliyyətinin necə olacağı qanunla tənzimlənməlidir".
Müsahibimiz hesab edir ki, rayon icra hakimiyyətlərinin başçılarının səlahiyyətləri bələdiyyələrə verilməlidir:
"Bundan başqa, bələdiyyə seçkilərinin demokratik keçirilməsi xalqın xeyrinə ola bilər. Ürəyimiz sözlə doludur, amma nədənsə deyə bilmirik. Allah özü bu millətə kömək olsun".
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb. Eyni zamanda bələdiyyə seçkiləri ilə əlaqədar 685 adda bülleten çap olunacaq.
Gülşən Şərif