• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Prezidentdən konfrans iştirakçılarına MÜRACİƏT
SİYASƏT
18 Iyun 2025 | 16:02

Prezidentdən konfrans iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli konfrans iştirakçıları,

    Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

    2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.

    İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.

    Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

    Eyni zamanda, ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

    Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəkdir”.


    SON XƏBƏRLƏR