• Bakı 16° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Qeyri-səlis danışıqlar - Əkbər Qoşalı yazır
YAZARLAR
01 Noyabr 2022 | 10:22

Qeyri-səlis danışıqlar - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

2022-ci ilin onuncu ayının sonuncu günü Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında növbəti Üçtərəfli görüş keçirildi. Liderlər Birgə Bəyanat imzaladı.

Bizimçün bu il Şuşa İli, oktyabr ayı da dövlət müstəqilliyimizin bərpa olunduğu, Azərbaycanın Türk dünyasında, Türk dünyasının Azərbaycanda çiçəkləndiyi önəmli aydır. Məhz bu ilin bu ayının son günündəki Soçi görüşündən bir gün öncə Şuşadan aşağıda – separatçıların illərdir yuvalandığı Xankəndi şəhərimizdə təşkil olunan qurama “izdiham” (“Soçiöncəsi Xankəndi mitinqi”) Üçtərəfli masaya sıfır təsir etdi. Belə bir sıfır təsir Putinin Valdayda səsləndirdiyi məlum naqolay fikirlərə də şamil oluna bilər. Putinin çətirinə sığınan Paşinyanın iki-üç kətildə eyni vaxtda oturmaq cəhdləri də üçüncü sıfər təsiridir ki, var... – Bəli, bütün bunların heç biri Prezident İlham Əliyevin gərəkən nəticəni əldə etməsinə mane ola bilmədi. – Qarabağ – Azərbaycandır!

Beləliklə, Soçidə nə Rusiya, nə də Ermənistan liderinin dediyi olmadı. Yəni, bir Barış Anlaşması olacaqsa, Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında olacaq; yox, olmayacaqsa, barışdan yayınanın canı cəhənnəmə! Dəmir Yumruq Yerindədir!

Nəhayət, Qələmzədə Nikol bu dəfə Çətirzədə oldu. Belə getsə, Nikol hələ çox üşüyəcək, çox islanacaq və də çox çətir axtarmalı olacaq - bəzən bulacaq, bəzən heç başqa əldə də bulmayacaq...

Birgə Bəyanatda bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq – suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsa­sında müzakirə və həllinin razılaşdırıldığı bildirilir. Bəyanatda nəinki “Dağlıq Qarabağ” ifadəsi, “status” sözü, ümumən Qarabağla bağlı heç bircə cümlə belə yoxdur. GORBAGOR OLANLAR DİRİLMƏDİ!

Bəli, bu, bizim növbəti diplomatik qələbəmizdir!

Bir sözlə, Azərbaycan Prezidentinin siyasi iradəsi, uzaqgörənliyi, diplomatik məharəti və əlbəttə, Müzəffər Ali Baş Komandanlığı Soçidəki növbəti Masada da, imzalanmış yeni Üçtərəfli Bəyanatda da təcalla etdi.

Məncə, Soçi görüşləri də daxil olmaqla, Rusiyanın, Avropa Birliyinin təşkil etdiyi danışıqlara, lap digər vasitəçilik cəhdlərinə Azərbaycanın dövlət başçısının cavablarını, yanaşmasını (əgər belə demək mümkünsə), qeyri-səlis və səlis məntiqin məcmusu kimi qiymətləndirmək olar. Səlis məntiqə görə durum belədir: filan görüşə getmək olmaz, filan görüşə getmək mütləq lazımdır; qeyri-səlis məntiqə görə: hər pis görüşdə yaxşılar, hər yaxşı görüşdə pis məqamlar vardır – əslində, imkanlar çoxluğu həmişə, hər yerdə var, əsas olan o imkanları üzə çıxarmaq, dövriyyəyə daxil etmək və ondan necə faydalanmaqdır. Mənə elə gəlir, yeni bir baxış da irəli sürülə bilər – qeyri-səliq məntqi şərti olaraq “1”, səlis məntiqi “0” adlandırsaq, bu iki məntqinin arasında da imkanlar çoxluğu tapıla bilər: yaxşı-pis, oldu-olmadı, olum-ölüm, getməli-getməməli, zəif-güclü qarşılaş­dırmaqdansa, mümkün olanı əldə etmək daha yeydir... Zatən, siyasət mümkün olanı əldə etmə sənəti deyilmi?.. Prezident Əliyevin siyasi kursu universaldır, hansısa ehkamlara deyil, imkanlara və yeni imkanların yaradılmasına istiqamətlənib. Siyasi müstəvidə hansısa görüşdən, masadan imtinadan daha çox, o masada, görüşdə öz xarakterinlə, öz həqiqətlərinlə iştirak edib, diqtəsinə cəhd olunanın deyil, haqq edilənin təcallasına nail olmaqdır.

Əgər öz dövlətimizə, dövlət başçımıza, öz xalqımıza, həqiqətlərimizə, barışın qarantı müzəffər ordumuza, güclü iqtisadiyyatımıza, qədim mədəniyyətimizə - bütün kateqoriyalar üzrə milli gücümuzə inanırıqsa, “Əzəl-axır dünya bizim olacaq!”  (Z.Yaqub).   

Dövlətimiz zavam görməsin!


SON XƏBƏRLƏR