Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Venesuela Parlamentinin vitse-spikeri Qresia Colmenares ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq bildirilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi vurğulanıb.
Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə danışıb. Venesuela Parlamentinin sədr müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bakı 












