Məlumdur ki, iyun ayında ABŞ və İsrailin hücumları nəticəsində İranın nüvə alimlərinin öldürülməsindən sonra İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırmışdı.
Bununla bağlı İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə nəzarət və monitorinqləri əhatə edən əməkdaşlığını dayandırmağı nəzərdə tutan qanun layihəsini qəbul etmişdi. Lakin əməkdaşlığın dayandırılmasından sonra İranla MAQATE arasında danışıqlar davam etdirilirdi.
Hətta avqust ayında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirdi ki, Tehran yaxın günlərdə MAQATE nümayəndələri ilə nüvə proqramı sahəsində əməkdaşlıq yollarını müzakirə etmək üçün danışıqları davam etdirməyi planlaşdırır. Son nəticə olaraq, ötən gün İran və MAQATE əməkdaşlığı bərpa etmək haqqında saziş imzalayıb. Belə ki, tərəflər İranın suverenliyinə hörmət edən və İran xalqının təhlükəsizliyini qoruyan şəkildə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Maraqlıdır ki, İranın yenidən MAQATE ilə əməkdaşlığı planlaşdırmasının səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın Agentliklə əməkdaşlığı dayandırması qlobal güc mərkəzləri üçün arzuolunmaz bir vəziyyətdir. Çünki güc mərkəzləri İrandakı nüvə ilə bağlı real vəziyyəti hər zaman məhz MAQATE vasitəsilə öyrəniblər.
Onun sözlərinə görə, müəyyən zamanlarda İran bu Agentliyin fəaliyyətini məhz İsrail və ABŞ-nin maraqlarına xidmət etməsi kimi dəyərləndirib:
"İran hazırkı vəziyyətdə bu əməkdaşlığı bir növ müəyyən güzəşt arqumenti kimi istifadə edir. Əvvəlcə parlamentin komissiyası səviyyəsində əməkdaşlığı qadağan edəcək qanun layihəsini qəbul edir. Lakin bütövlükdə parlament bu qərarı qəbul etməmişdi. Sadəcə olaraq komitədən keçirməklə, bir təzyiq elementinə çevirmişdilər. Daha sonra bu məsələ danışıq predmentinə çevrildi ki, burada Agentlik həm də keçmiş nüvə müqaviləsi üzvlərinin maraqlarını ehtiva edirdi. ABŞ və Avropa üçlüyü sayılan Böyük Britaniya, Almaniya və Fransa İrandan bu əməkdaşlığı tələb edirdi. Bununla yanaşı, nüvənin zənginləşdirilməsi prosesinin dayandırılması tələb olunurdu. Hələlik bu tələb üzrə Avropa üçlüyü ilə İran arasında konkret razılaşma yoxdur. Bu razılıq MAQATE ilə danışıqların və konkret əməkdaşlıqla bağlı müsbət qərar olmaması fonunda zamanında BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyaların geriyə qayıtması ilə bağlı Tehran təhdid olunur. Yaxın bir ay ərzində bununla bağlı prosedur tamamlanmalıdır".
N.Mirinin fikrincə, İran sözügedən sanksiyaların qarşısını almaq üçün MAQATE ilə danışıqlara başlayıb. Baxmayaraq ki, parlamentin komitəsində bu əməkdaşlığın dayandırılması ilə bağlı qərar var idi. Hər bir halda bu addım İran adına müsbət hadisədir.
"Nüvə məsələsi beynəlxalq səviyyədə şəffaf olmasa, bu, İranın gələcəyi ilə bağlı yeni təhlükələrin ortaya çıxmasını zəruri edəcək. İsrail və onun strateji mütəffiqi olan ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyi ilə bağlı dəfələrlə Tehranı hədələyib. Nəzərə alaq ki, İran bu istiqamət üzrə ABŞ ilə danışıqları davam etdirməkdə maraqlıdır. Lakin hələlik birbaşa danışıqlar baş tutmayıb. Hesab edirəm ki, yaxın perspektivdə bu danışıqlar üçüncü vasitəçi dövlət vasitəsilə baş tutacaq", - deyə müsahibimiz əlavə edib.
Natiq Miri: 12 günlük İran-İsrail müharibəsi göstərir ki, Tehran hələ də yaralarını sarıya bilməyib
İranın MAQATE ilə əməkdaşlığının regiona və dünyaya mümkün təsirlərinə də toxunan politoloq vurğulayıb ki, əməkdaşlıq çərçivəsində bütün proses şəffaf olarsa, regionu yeni müharibələr gözləməyəcək. Əgər şəffaflıq olmasa, bu halda qeyri-müəyyənlik yaranacaq və istənilən dezinformasiyalar, yalançı arqumentlər ortaya çıxacaq. Nəticə etibarilə İran yenidən hərbi hədəfə çevrilə bilər. Bu isə arzuolunan hadisə deyil.
Müsahibimiz hesab edir ki, əməkdaşlığın şəffaf olması regional və beynəlxalq səviyyədə qəbul olunan formadır. Əks halda qəbul olunan yanlış qərarlar dövlətlər üçün böyük itkilərə səbəb ola bilər.
“Ən azından 12 günlük İran-İsrail müharibəsi faktı göstərir ki, Tehran hələ də yaralarını sarıya bilməyib. İranın nüvə mərkəzləri hələ də açılmayıb və hansı vəziyyətdə olması qeyri-müəyyəndir. Əgər MAQATE ilə əməkdaşlıq olarsa, agentlik bu mərkəzləri tədqiq edə və ortaya konkret nəticələr qoya bilər", - deyə Natiq Miri qeyd edib.
Gülşən Şərif