ABŞ Prezidenti Donald Tramp tərəfindən avtomobil istehsal edən müəssisələrin silah sənayesinə yönləndirilməsi ilə bağlı səsləndirilən çağırışlar qlobal iqtisadi və siyasi müstəvidə ciddi müzakirələrə səbəb olub. Bu cür təşəbbüslər tarixən dövlətlərin “müharibə iqtisadiyyatı”na keçidinin ilkin siqnalları kimi qiymətləndirilib və xüsusilə böyük güclər arasında artan rəqabət fonunda daha həssas məna kəsb edir.
Müasir dövrdə sənaye potensialının hərbi məqsədlərə yönəldilməsi təkcə müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, həm də iqtisadi prioritetlərin dəyişməsi, resursların yenidən bölüşdürülməsi və siyasi ritorikanın sərtləşməsi deməkdir.
Bu baxımdan, belə çağırışların nə dərəcədə real siyasətə çevriləcəyi və hansı miqyasda tətbiq olunacağı sualı, qlobal təhlükəsizlik arxitekturası üçün əsas indikatorlardan biri kimi çıxış edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, hazırda Yaxın Şərqdə müharibə ilə bağlı qeyri-müəyyən və mürəkkəb bir vəziyyət formalaşıb. Bu qarşıdurmanın nə vaxt və hansı şərtlərlə başa çatacağı hələ də açıq sual olaraq qalır. Çünki münaqişə tərəfləri arasında ciddi və dərin ziddiyyətlər mövcuddur:
"Bu ziddiyyətlərin aradan qaldırılması üçün mövcud imkanlar isə kifayət qədər məhduddur. Əsas problem ondan ibarətdir ki, tərəflərin maraqları kəskin şəkildə toqquşur və heç biri geri addım atmağa hazır görünmür. Bu səbəbdən böyük ehtimalla Yaxın Şərqdəki münaqişə ya yenidən alovlana, ya da uzunmüddətli “dondurulmuş münaqişə” mərhələsinə keçə bilər".

Elçin Xalidbəyli: İstehsal olunan silahların potensial istifadə sahələri mövcuddur
Onun sözlərinə görə, belə bir ssenari qlobal miqyasda hərbi sənaye üçün yeni imkanlar yaradır:
"Xüsusilə silah istehsalı ilə məşğul olan şirkətlər üçün daha əlverişli şərait formalaşır və istehsalın artması gözlənilir. Bu kontekstdə ABŞ-nin də silah ehtiyacının artdığı müşahidə olunur. Belə ki, ölkə mövcud ehtiyatlarının əhəmiyyətli hissəsini Ukrayna müharibəsində, digər hissəsini isə Yaxın Şərqdəki proseslərdə istifadə edib".
Sonda o vurğulayıb ki, ABŞ-nin boşalan silah anbarlarını yenidən doldurmaq zərurəti yaranıb. Bu isə ölkənin hərbi-sənaye kompleksinin fəaliyyətini daha da genişləndirəcəyini və istehsal həcmini artıracağını göstərir. Paralel olaraq, bu artım gəlirlərin də yüksəlməsinə səbəb ola bilər:
"Digər tərəfdən, silah istehsalının genişlənməsi yalnız iqtisadi deyil, həm də geosiyasi mesaj daşıyır. Çünki istehsal olunan silahların potensial istifadə sahələri mövcuddur. Bu isə təkcə Yaxın Şərqlə məhdudlaşmır - dünyanın digər regionlarında da yeni hərbi qarşıdurmaların baş vermə ehtimalını artıran amil kimi qiymətləndirilə bilər".
Əli Hüseynov
Bakı 












