• Bakı 15° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Türk dünyasının Azərbaycanı, Azərbaycanın oktyabrı... - Əkbər Qoşalı yazır
YAZARLAR
31 Oktyabr 2022 | 10:40

Türk dünyasının Azərbaycanı, Azərbaycanın oktyabrı... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Şuşa İlinin 10-cu ayının son günündəyik. Bu ay Azərbaycanın Türk dünyasındakı önəmli yeri və rolunu dəyərləndirmək baxımından özunəxas gözəlliklərə, özəlliklərə (tarixə və üfüqə!) malikdir.

Türk Dövlətlərinin  Əməkdaşlıq Şurasının (Türk Şurası/Türk Keneşi) yaradılması 3 oktyabr 2009-cu ildə qədim Naxçıvan şəhərində  qərarlaşdırılıb. Türk Şurasının 10 illik yubileyinə təvafüq edən VII Zirvə Görüşü 2019-cu il, oktyabrın 15-də paytaxt Bakıda keçirilib.

Turana qılıncdan daha kəskin ulu quvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət

deyən ulu Cavid oktyabrda dünyaya gəlib. 140 illik yubileyi bu il kecirilən Hüseyn Cavidin yalnız özu deyil, ailəsi də bu ayda özəl olaraq anılır - oktyabra "Cavidlər ayı" da deyilir: 24 oktyabr 1882-ci il Turan ülkülü Hüseyn Cavid özü, 

22 oktyabr 1919-cu ildə oğlu Ərtoğrul, 02 oktyabr 1923-cü ildə isə qızı Turan dünyaya gəlib...

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Hüseyn Cavidin nəşinin Sibirdə axtarılıb tapılması, respublikamıza gətirilməsi və Naxçıvanda dəfni də məhz bu ayda baş tutub... 
Və qüdrətli qardaşımız Türkiyə Cümhuriyyətinin quruluşu 99 il öncə, 29 oktyabrda baş  tutub.

Bəs bu il? 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qardaş Qırğız Respublikasına ilk dövlət səfəri (11-12 oktyabr 2022), qardaş Qazaxıstana işgüzar səfəri (12-14 oktyabr 2022),
qardaş Türkiyə Prezidentinin Zəngilan Hava limanının açılışında iştirakı, Cəbrayılda rəsmi qarşılanma törəni (20 oktyabr 2022), 

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin Azərbaycan Prezidenti tərəfindən təltifi və qəbulu (21 oktyabr 2022)... bu ilin, bu ayın payına düşür. - Bunlar sadə statistika deyil - hər səfər, hər görüş bir ayri hadisəydi. Hər səfər, hər görüş Azərbaycan Prezidentinin tarixi ismarıcları ilə ayrı bir dərinlik və üfüq qazandı. Bu sözlərimizi Prezidentin Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşdəki nitqindən sitatla təsdiq edə bilərik: "sizin sədrliyiniz dövründə bu qurum təşkilata çevrilib, öz adını dəyişib. Buna görə əminəm ki, bu, təkcə adın dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir. Ona görə ki, mənim fikrimcə, bizim təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər.

Siz bilirsiniz ki, mən bizim təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşmışam. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar.

Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq.

Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq. Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər.

Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik". - Bu sözlərin əvəzi yoxdur! Əvəzi yoxdur bu ismarıcların! Bu sözləri yeni Yol xəritəsi kimi də qəbul etmək olar. Yeni amma ənənəyə söykənən, irsə dayanan və üfüqötəsinə boylanan!.. Qazi Mustafa Kamal Paşa Atatürk necə deyirdi? - "Yüksəl, Türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur. Üfüqə yetmək azdır, üfüqötəsinə yetmən lazım"!

Bəli, Şuşa İlinin 10-cu ayının son günündəyik. Bu ayda Türk dünyası adına bir sıra başqa önəmli tədbirlər, səfər və görüşlər də oldu. Onladan biri Qazaxıstanda - Türk dünyasının Mənəvi paytaxtı Türküstan şəhərində keçirilən 

 “Türk Dünyasının 2040 vizyonu” seminarıydı.

Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimlər, QHT və KİV təmsilçiləri 22-23 oktyabrda  Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetində bir araya gəldi.
Bu sətirlərin yazarı seminarın Ədəbiyyat və İncəsənət sessiyasında çıxış etdi. Daha 8 sessiya (Tarix, Siyasi-Beynəlxalq münasibətlər, Enerji, İqtisadiyyat, Hüquq, Səhiyyə, Dil, Turizm) üzrə də Azərbaycan təmsilçiləri yaddaqalan çıxışlar etdi.

Türk Dünyasının 2040 hədəflərinə dair  baxışların bölüşüldüyu seminarda Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığı təcalla etdi.
Seminarda iştirak edən qardaş ölkə aydınları ilə, o cümlədən universitetdə təhsil alan Azərbaycanlı tələbələr və b. ilə yaddaqalan görüşlər, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi oldu.
Seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirildi. 

Türküstan seminarında irəli sürülmüş önəmli təkliflər Türk Dövlətləri Təşkilatının gələn ay Səmərqənddə keçiriləcək növbəti Zirvə Toplantısına təqdim olunacaq.

***
Oktyabrın son günü - bu gün Soçidə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin növbəti üçtərəfli görüşü olacaq. 

Dünən Xankəndinə Ermənistandan avtobuslarla daşınmış ermənilərin hesabına "əzəmətli" mitinq keçirilib. 

Məlum Valday konfransinda Putin ABŞ-ın Qarabağ üzərində suverenliyini dəstəklədiyini vurğulayaraq, Ermənistan ictimai fikrinə "göndərmə"də bulundu. Nəymiş, əfəndim, bəs deməzsənmi, Rusiya ABŞ-dan fərqli olaraq, Qarabağın özünəməxsus xüsusiyyətlərinin (və bu xüsusiyyətlərin peşində) olduğunu diqqətə çatdırır. 

Əgər erməni xalqı və Ermənistan siyasi-hərbi rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, həmin özünəməxsusluq nəzərə alınmalı, Sülh Anlaşmsında müzakirə edilməlidir. Bəs o zaman "Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz. - Kremlin, Putinin mövqeyi budur və əlbəttə, biz bu mövqeni qətiyyən qəbul etmirik. Qarabağ özünəməxsusdur -o, Öz Azərbaycandır! Özü olmayanlar, beynəlxalq hüquqa sayğısı olmayanlar məhz öz işləri ilə məşğul olsa, daha ləyaqətli olardı. Qarabağ - Azərbaycandır! Dəmir Yumruq da öz yerindədir!

Biz İranın "Arazkeçmə" hərbi təlimləri, Qafanda konsulluq açma və s. metodlarla verdiyi ismarıcları da qəbul etmirik. İranın ağıllı olmasa, dəliyə dönəcək...

Rusiya və İrandan gələn bu "zəhərli oktyabr ismarıcları"nın daha biri Fransadan - Makrondan gəlmiş və təbii, o da cavabını almıdı.

Bu ziyanlı üçlüyü bu gözəl ayla bağlı yazıda niyə xatırladım? - Demək istəyirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçısı olduğu dövlətə - "Şuşa Bəyannaməli", Türkiyə qardaşlığı, Türk Dövlətləri Təşkilatlı Azərbaycana heç kim heç nə diqtə edə bilməyəcək! Görəcəksiz! 

Bu ayin son günundən gələn aya - Zəfər ayına salamlar olsun! Hər şey gözəl olacaq!

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR

17 Aprel 2024