Gündəlik qidalanmada edilən kiçik dəyişikliklər diş çürümələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Bakıvaxtı.az xəbər verir ki, diş həkimi Nurgül Demirin sözlərinə görə, böyüklər üçün qara çay, uşaqlar üçün isə süd məhsulları – xüsusilə ayran diş sağlamlığı üçün faydalıdır.
Qara çay çürük riskini azalda bilər
Qara çayın tərkibində olan flavanol və kateşinlər antibakterial təsir göstərərək çürük yaradan bakteriyaların fəaliyyətini zəiflədə bilər. Bu maddələr bakteriyaların diş səthinə yapışmasının və diş daşının (plakın) yaranmasının qarşısını almağa kömək edir.
Diş ətini də qoruyur
Qara çay eyni zamanda flor mənbəyi hesab olunur. Araşdırmalar göstərir ki, onun tərkibindəki maddələr diş əti sağlamlığını qorumağa və plakın azalmasına dəstək verə bilər. Lakin həddindən artıq çay istehlakı dişlərdə rəng dəyişməsinə səbəb ola bilər.
Uşaqlar üçün ayran və yoqurt vacibdir
Şəkərli və qazlı içkilərin çox istifadəsi uşaqlarda süd və ayran istehlakını azaldır. Halbuki süd məhsullarında olan kalsium, fosfat və kazein dişləri möhkəmləndirir və diş toxumalarının bərpasına kömək edir.
Ev məhsulları daha faydalıdır
Ev şəraitində hazırlanmış yoqurt və ayran tüpürcəyi kalsiumla zənginləşdirir və probiotik xüsusiyyətləri sayəsində ağız sağlamlığını dəstəkləyir. Uşaqlar üçün ara yeməyi kimi meyvə ilə birlikdə ev yoğurdu yaxşı seçim sayılır.
Təkcə fırçalama kifayət deyil
Diş çürümələrinin qarşısını almaq üçün yalnız diş fırçalamaq yetərli deyil. Şəkərli qəlyanaltılar və hazır qidalar əvəzinə sağlam qidalanma vərdişləri formalaşdırılmalıdır. Ara yeməklərdən sonra su içmək və ya ağızı su ilə yaxalamaq da faydalıdır.
Aynur Babazadə
Bakı 




