• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Yeni İran-İsrail savaşı? - Vaşinqton istəsə, eskalasiyanın qarşısını alar və ya...
SİYASƏT
20 Dekabr 2025 | 13:30

Yeni İran-İsrail savaşı? - Vaşinqton istəsə, eskalasiyanın qarşısını alar və ya...

“Mossad” rəhbəri David Barneanın İranın nüvə proqramı ilə bağlı səsləndirdiyi son açıqlamalar Yaxın Şərqdə təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. İsrail açıq şəkildə Tehranın nüvə silahı əldə etmək niyyətindən geri çəkilmədiyini bildirir və “pis nüvə sazişi”nə qarşı sərt mövqe nümayiş etdirir.

Bu ritorika təkcə İsrail-İran münasibətləri kontekstində deyil, ABŞ-İran danışıqları, regional balanslar və beynəlxalq güc mərkəzlərinin maraqları fonunda da oxunmalıdır. Xüsusilə, son aylarda yaşanan hərbi toqquşmalar və kəşfiyyat savaşı tərəflərin hələ də qarşıdurma mərhələsindən çıxmadığını göstərir.

Bəs bu açıqlamalar yeni müharibənin anonsudur, yoxsa siyasi təzyiq strategiyasının tərkib hissəsidir?

Bakıvaxtı.az mövzunu politoloq Züriyə Qarayeva ilə müzakirə edir.

Politoloq bildirib ki, bu tip açıqlamalar ilk növbədə psixoloji və siyasi təzyiq alətidir. İsrail İranın nüvə proqramını real təhlükə kimi təqdim etməklə beynəlxalq ictimai rəyi öz mövqeyinə cəlb etməyə çalışır. Onun sözlərinə görə, burada əsas auditoriya təkcə Tehran deyil, Vaşinqton və Qərb paytaxtlarıdır:

“İsrail ABŞ-nin İranla mümkün kompromisə getməsindən ciddi şəkildə narahatdır. Buna görə də risk ritorikasını yüksəltməklə diplomatik manevr sahəsini daraltmaq istəyir. Barneanın çıxışı bu baxımdan qabaqlayıcı mesaj kimi qiymətləndirilə bilər”.

Müsahibimiz hesab edir ki, İran-İsrail gərginliyini sadəcə iki dövlət arasında qarşıdurma kimi dəyərləndirmək olmaz. Dediyinə görə,  bu qarşıdurma regional və qlobal ölçüyə malikdir. İran-İsrail xətti Yaxın Şərqin təhlükəsizlik arxitekturasını formalaşdıran əsas amillərdən biridir:

“Burada ABŞ, Rusiya və hətta Çin kimi güclərin dolayı maraqları mövcuddur. İsrailin hərbi və kəşfiyyat üstünlüyü, İranın isə regional şəbəkələri bu gərginliyi daha da mürəkkəbləşdirir. Bu səbəbdən istənilən eskalasiya zəncirvari təsir yarada bilər. Məsələ təkcə iki paytaxtın qərarları ilə məhdudlaşmır”.

Züriyə Qarayeva: İsrail ABŞ-nin İranla mümkün kompromisə getməsindən ciddi şəkildə narahatdır

“Nüvə məsələsi həm real risk, həm də siyasi alətdir” deyən Z.Qarayeva bildirib ki, İsrail İranın nüvə silahı əldə etməsini öz mövcudluğuna təhdid kimi görür. Amma eyni zamanda bu mövzu İsrailin regional və beynəlxalq dəstək qazanması üçün effektiv vasitədir. Politoloq görə, hətta İran nüvə proqramını dayandırsa belə, Təl-Əvivin təhlükəsizlik narahatlıqları bitməyəcək. Çünki,  problem yalnız nüvə ilə bağlı deyil, İranın regional təsiri ilə də əlaqəlidir. Buna görə də nüvə dosyesi uzunmüddətli təzyiq mexanizmi kimi qalacaq.

Yaxın perspektivdə yeni İran-İsrail savaşı ehtimalına gəlincə, həmsöhbətimiz bu ehtimalı tam istisna etmir. Deyir ki, lakin həlledici faktor ABŞ-nin mövqeyi olacaq. Onun fikrincə, Vaşinqton istəsə, eskalasiyanın qarşısını ala və ya əksinə, onu təşviq edə bilər:

“Hazırkı mərhələdə tərəflər daha çox məhdud toqquşma və dolayı zərbələrə üstünlük verirlər. Açıq və genişmiqyaslı müharibə region üçün çox ağır nəticələr doğura bilər. Buna görə də gərginlik yüksək səviyyədə saxlanılsa da, tammiqyaslı müharibə ehtiyatla idarə olunur. Lakin yanlış hesablama riski hər zaman mövcuddur”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

19 Dekabr 2025