• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Yeni tikiləcək binalarda qaz əvəzinə də işıqdan istifadə olunacaq: Qiymət necə olacaq?
CƏMİYYƏT
07 Iyul 2025 | 10:39

Yeni tikiləcək binalarda qaz əvəzinə də işıqdan istifadə olunacaq: Qiymət necə olacaq?

2025-ci il üçün elektrik enerjisinə tələbat 1,5-1,8 milyard kVt/s ixrac da daxil olmaqla, 25-28 milyard kVt/s-a, pik gücə tələbat isə təxminən 35% - 4500-4900 MVt-a qədər artacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərenerji"nin məlumatında bildirilir.

Bu artım, əsasən, ölkə iqtisadiyyatının və əhalinin yaşayış səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Bu fonda ölkədə yeni tikiləcək yüksək mərtəbəli binalarda qaz əvəzinə elektrik enerjisindən istifadə edilməsi planlaşdırılır.

Maraqlıdır ki, elektrik enerjisinə artan tələbat qiymətlərə necə təsir edəcək? Qarşıdakı dövrdə artan tələbat fonunda elektrik enerjisinin qiyməti bahalaşa bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, elektrik enerjisinə tələbat artdığı halda bu enerjiylə bağlı tələbatın stabil qalması qiymət artımını qaçılmaz edəcək. Bu baxımdan qısamüddətli qiymət artımı baş verə bilər:

"Elektrik enerjisinə tələbatın artmasına zaman keçdikcə təbii artım da təsir edir. Çünki zaman keçdikcə ölkə əhalisinin sayı artır, qeyri-yaşayış və yaşayış obyektlərinin sayında artım baş verir, həmçinin yeni binalar inşa edilir. Statistikaya nəzər salsaq, hər il artım qeydə alınır”.

Müsahibimiz hesab edir ki, bu kontekstdə alternativ enerji mənbələrindən elektrik enerjisinin alınması istiqamətində inkişaf var və müəyyən addımlar atılır. Onun fikrincə, bu, yeni enerji mənbələrinin ortaya çıxmasına və qiymət artımının qarşısının alınmasına səbəb olacaq:

“Lakin bunu 2025-ci il üçün demək çətindir. Çünki yaşıl enerjiylə bağlı olan layihələrin nəticə verməsi üçün azı bir neçə il lazımdır. Sadəcə atılan addımlar artan enerji tələbatının qarşılanması üçün təminat yaradacaq".

Vüqar Oruc: Azərbaycan dövləti qiymətlərin birdən-birə artmasına imkan yaratmayacaq

Yeni binalarda elektrik enerjisinə üstünlük verilməsinə toxunan iqtisadçı hesab edir ki, bu yanaşma təbii haldır. Qonşu dövlətlərdə də bu cür addımlar atılır. Çünki elektrik enerjisi yaşayış binalarında daha az təhlükəlidir. Qaz təminatı sosial baxımdan əlverişli olsa da, təhlükəsizlik baxımından ciddi problemlər yaradır.

"Məsələn, müharibə şəraitində qazla təmin olunan binalar daha böyük təhlükələrə yol açır. Bu, təcrübədə mövcuddur. Binalar elektrik enerjisi ilə təmin olunanda isə təhlükə minimum səviyyəyə düşür”.

İqtisadçının fikrincə, qarşıdakı dövrdə bütün binalarda elektrik enerjisinin təminatı prosesinə start veriləcək. V.Oruc qeyd edib ki, əgər alternativ enerji mənbələri yüksək səviyyədə təmin olunarsa, qiymət baxımından da əlverişli olacaq. Bu gün artıq əksər avtomobillər də elektriklə çalışır. Bu, müasir dövrün tələblərindən irəli gəlir.

Həmsöhbətimiz onu da qeyd edib ki, Azərbaycan dövləti qaz və enerji siyasətinin sərbəst bazar qiymətləri ilə tənzimlənməsinə şərait yaratmır. Çünki Azərbaycan sosial dövlətdir və öz vətəndaşlarını düşünür. Qiymət tənzimlənməsi də bu istiqamət üzrə aparılır:

"Azərbaycan dövləti qiymətlərin birdən-birə artmasına imkan yaratmayacaq. Müəyyən qiymət artımı olsa da, cüzi xarakter daşıyacaq. Bu artım günəş, su və külək alternativ enerjilərinin tamamilə yüksək səviyyədə təmin olunacağı vaxta qədər davam edəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR