ABŞ-nin Zəngəzur dəhlizi layihəsi çərçivəsində regiona daxil olması Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi-siyasi reallıqları dəyişdirə biləcək strateji addımdır.
Layihənin reallaşması təkcə Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqəsini bərpa etməklə kifayətlənmir, həm də bölgənin kommunikasiya xəritəsini Qərbin iştirakı ilə yenidən formalaşdırır.
Vaşinqtonun dəhlizin təhlükəsizliyinə hərbi kontingent cəlb etmək planı ABŞ təsirinin bölgədə uzunmüddətli şəkildə möhkəmlənməsinə zəmin yarada bilər. Hərbi heyətin dəqiq sayı açıqlanmasa da, ehtimal olunur ki, ilkin mərhələdə məhdud sayda, lakin yüksək ixtisaslı qüvvə yerləşdiriləcək, sonrakı mərhələdə isə regional təhlükəsizlik şərtlərinə uyğun olaraq bu say artırıla bilər.
Bir neçə ay əvvəl yayılan iddialarda ABŞ hərbçilərinin və xüsusi texnikasının artıq Zəngəzur ərazisinə göndərildiyi qeyd olunurdu. Əgər bu məlumatlar təsdiqlənərsə, Vaşinqtonun layihənin rəsmi icrasına başlamadan əvvəl hazırlıq mərhələsini tamamladığı və hərbi-infrastruktur təminatını öncədən qurduğu ortaya çıxar.
Bu proses Rusiya və İran üçün ciddi strateji narahatlıq doğurur, çünki ABŞ hərbi varlığının Zəngəzurda legitimləşməsi onların bölgədəki təsir imkanlarını zəiflədəcək. Azərbaycan üçün isə bu format həm Naxçıvanla maneəsiz quru əlaqənin beynəlxalq təminat altına alınması, həm də dəhlizin təhlükəsizliyinin davamlı qorunması baxımından əhəmiyyətli üstünlük yaradır. Lakin Vaşinqtonun gələcək geosiyasi planlarının dəyişməsi ehtimalı, layihənin idarəçiliyində müəyyən asılılıq risklərini də gündəmə gətirir.
Ruslan Zəngəzur