• Bakı 28° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Azərbaycan siyasətində yeni mərhələ: geosiyasi reallıqlar, strateji imkanlar - MÜSAHİBƏ

SİYASƏT

11 Avqust 2025 | 10:02

Azərbaycan siyasətində yeni mərhələ: geosiyasi reallıqlar, strateji imkanlar - MÜSAHİBƏ

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeləri durmadan möhkəmlənir. Müasir dövrdə ölkəmiz həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş, fəal iştirakçı və mühüm geosiyasi aktor kimi çıxış edir.

İkitərəfli münasibətlərdən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa qədər bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edən xarici siyasət kursumuz qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Strateji coğrafi mövqeyə sahib olan Azərbaycan bu üstünlüyündən xalqlar və dövlətlər arasında körpü rolunu gücləndirmək üçün səmərəli şəkildə istifadə edir.

Prezident İlham Əliyevin ABŞ-yə son səfəri isə ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran, Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi yadda qalır. ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən bu səfər təkcə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyil, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik baxımından tarixi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Bakıvaxtı.az-a müsahibəsində bu səfərin strateji əhəmiyyətini, əldə olunan razılaşmaların mahiyyətini və Azərbaycanın qarşısında açılan yeni imkanları ətraflı müzakirə etdik.

Müsahibəni təqdim edirik.

- Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi necə xarakterizə olunur?

- Azərbaycan artıq beynəlxalq birliyin fəal və etibarlı üzvünə çevrilib. Ölkəmiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini yüksələn xətlə inkişaf etdirir. Coğrafi mövqeyimiz dövlətlər və xalqlar arasında körpü rolunu möhkəmləndirir. Xarici siyasətimizin dəyişməz prinsipləri qarşılıqlı hörmət, maraqların balanslaşdırılması və bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıqda qarşılıqlı etimada böyük önəm verir və bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır.

- Prezident İlham Əliyevin ABŞ-a səfəri hansı baxımdan əhəmiyyətli oldu?

- Bu səfər təkcə Azərbaycan-Amerika münasibətlərinin inkişafı deyil, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. İkitərəfli münasibətlər artıq ənənəvi diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Trampın ikinci prezidentliyi dövründə Azərbaycanın Vaşinqtonun Cənubi Qafqaz siyasətində rolu daha da ön plana çıxıb, enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və regional sabitlik sahələrində əməkdaşlıq dərinləşib.

- Səfər zamanı hansı mühüm sənədlər və razılaşmalar əldə edildi?

- Ən mühüm hadisələrdən biri Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanması oldu. Bu sənəd iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı prioritetləşdirir. Bundan əlavə, SOCAR ilə “ExxonMobil” arasında Əməkdaşlıq Memorandumu imzalandı ki, bu da həm ənənəvi, həm də bərpaolunan enerji sahələrində əlaqələrin genişlənməsini nəzərdə tutur.

- “907”-ci düzəlişin tətbiqinin dayandırılması hansı əhəmiyyətə malikdir?

- Bu, Azərbaycan-Amerika münasibətlərində mühüm dönüş nöqtəsidir. 1992-ci ildə qəbul olunmuş və Azərbaycana ABŞ tərəfindən dövlət yardımını qadağan edən “907”-ci düzəliş illərlə ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunub. Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində Donald Trampın bu düzəlişin tətbiqini dayandırması tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Bu addım həm keçmişin mənfi mirasından imtina, həm də iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

- Səfərin sülh prosesi və regional layihələrə təsiri nədən ibarətdir?

- Səfər çərçivəsində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Sammit keçirildi və nəticədə Birgə Bəyannamə imzalandı. Həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini parafladılar. Bu sənədlərdə ATƏT-in Minsk Qrupunun ləğvi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, yəni Zəngəzur dəhlizinin açılması kimi mühüm məsələlər təsbit olundu. ABŞ tərəfindən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi dəhlizin reallaşmasına əlavə zəmanət verir. Bu, regionun geoiqtisadi imkanlarını genişləndirəcək və uzunmüddətli sabitlik perspektivlərini gücləndirəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Avqust 2025