Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.
Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıb.
Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.
Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.