• Bakı 22° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Xəyanət edən kişi təzminat ödəməlidir? - Nikah müqaviləsindən niyə qaçırıq?

CƏMİYYƏT

24 Yanvar 2024 | 12:16

Xəyanət edən kişi təzminat ödəməlidir? - Nikah müqaviləsindən niyə qaçırıq?

Bu ilin yanvar-noyabr ayları ərzində 49 549 nikah və 19 761 boşanma halları qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Boşanmalar artdıqca kişi-qadın problemləri də çoxalır. Xüsusilə, təzminat almaq məsələsi boşananlar arasında yaşanan ən böyük problemlərdir. Tərəflərin nikah müqaviləsindən qaçması boşanma zamanı problemlərə gətirib çıxarır.

Niyə cütlüklər nikah müqaviləsi bağlamaqdan yayınır? Bu, məcburi olsa, necə olar?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qardaş Türkiyədə nikah müqaviləsinin olub-olmamsından asılı olmayaraq xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür:

“Türkiyə qanunvericiliyinə əsasən, nikahın pozulması barədə məhkəməyə müraciət edərkən xəyanət olunan tərəf xəyanət edən tərəfdən kompensasiya tələb edə bilər. Lakin Azərbaycan qanunvericiliyi ilə bu, mümkün deyil. Azərbaycan Ailə və Mülki məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və mənəvi zərər məsələsinə baxılmır. Çünki bu, qanuna görə mümkün deyil. Azərbaycanda yalnız tərəflər arasında nikah müqaviləsi olmalıdır ki, hər hansı bir tərəf digər tərəfdən ona vurulan mənəvi ziyanın əvəzini tələb etsin".

Vəkilin sözlərinə görə, Ailə Məcəlləsində nəzərdə tutulsa da, tərəflər aralarında rəsmi qaydada nikah müqaviləsi bağlamırlar:

“Ailə Məcəlləsinin 38.1. maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Eyni zamanda, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Nikah müqaviləsində belə bir şərt qoyula bilər ki, xəyanətlə, psixoloji şiddətlə və sair hərəkətlərlə üzləşən tərəf digər tərəfdən müəyyən miqdarda kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən edə bilər".

Turan Abdullazadə: Müqavilə tərəflərin istəyini əks etdirməlidir və heç bir halda məcburi ola bilməz

Müsahibimiz bildirib ki, Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Onun sözlərinə görə, təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və sair faktorlar var:

“Xüsusən də kişilər belə bir müqavilənin bağlanmasından çəkinirlər ki, gələcəkdə xəyanət hadisəsi baş verərsə, qadınlar onlara qarşı alimentdən başqa əlavə olaraq mənəvi ziyana görə də kompensasiya tələb edərlər. Lakin qeyd etdiyim kimi, bu sahədə ölkəmizdə vahid məhkəmə praktikası tam formalaşmayıb”.

Nikah müqaviləsinin məcburiliyinə gəlincə, hüquqşünas qeyd edib ki. bu, mümkün deyil. Bildirib ki, qanunvericiliyə əsasən, müqavilə dedikdə tərəflərin iradə ifadəsini əks etdirən əqd başa düşülür. Müqavilə tərəflərin istəyini əks etdirməlidir və heç bir halda məcburi ola bilməz:  

“Nikahın özü də tərəflərin könüllü ittifaqıdır. Dünyanın heç bir yerində məcburi müqavilə anlayışı yoxdur. Bunun əvəzinə yaxşı olardı ki, qanunvericiliyə dəyişiklik edilərək boşanma hallarında tərəflər arasında əmlak bölgüsü, aliment, xəyanət halları, psixoloji basqı, məişət zorakılığının müxtəlif üsulları ilə bağlı qanun normaları daha da təkmilləşdirilsin".

Aytac Aslan


SON XƏBƏRLƏR

05 Iyun 2025