ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dövlət Departamenti Ermənistana kibertəhlükəsizliyi, sərhəd, enerji təhlükəsizliyi, təhdid və çağırışlara qarşı davamlılığı artırmaqda dəstək olmaq üçün 20 milyon dollar ayırıb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, bu yardım ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya İşi təşəbbüsü çərçivəsində hökumət islahatları və dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönəldiləcək. Həmçinin maliyyələşdirmə iqtisadi dayanıqlığı artırmaq, rəqəmsal həlləri inkişaf etdirmək və təbii fəlakətlərə cavab verməyə hazırlığı artırmaq məqsədi daşıyır. Ermənistana verilən 20,6 milyon dollar məbləğində yardım USAID-in bu ilin iyulunda Ermənistana səfəri zamanı elan edilmiş təxminən 11.9 milyon dollara əlavədir.
Bundan başqa, USAID Ermənistanın media sektorunda əsas islahatları inkişaf etdirmək və müstəqil media texnologiyasını modernləşdirmək üçün İrəvana "ProInfo Təşəbbüsü" çərçivəsində 600 000 dollar maliyyə yardımı etdiyini açıqlayıb.
Gülşən Şərif
















