Rusiya–Ukrayna müharibəsinin dördüncü ilində tərəflər arasında mümkün atəşkəsə dair ən real sənəd hesab olunan yeni sülh planı ətrafında müzakirələr sürətlənib.
Son günlər sızmalar vasitəsilə ictimailəşən təklif paketi həm Moskva, həm də Kiyevin müəyyən kompromislərini özündə əks etdirir və prosesə ABŞ ilə Avropa İttifaqının da qoşulması təşəbbüsü diqqəti daha da artırıb.
Mövcud məlumatlar yaxın perspektivdə diplomatik irəliləyiş ehtimalını əvvəlkindən daha real göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, sızmalar vasitəsilə məlum olan yeni sülh planı üzərində hazırda intensiv iş aparılır. Plan həm Rusiya, həm də Ukraynanın müəyyən kompromislərini ehtiva edir. Lakin Ukrayna işğal olunmuş ölkə olduğu üçün onun güzəştləri daha ağır və həssas xarakter daşıyır:
"Bu sənəd son dörd il ərzində atəşkəsə ən yaxın təklif paketi hesab edilə bilər. Çünki burada əsas beynəlxalq oyunçular prosesdə iştirak edir. Rusiya tərəfi daha genişmiqyaslı sanksiyaların aradan qaldırılmasına və müharibədən sonra beynəlxalq nüfuzunu bərpa etməyə çalışır".

Fərhad Məmmədov: Prosesin mərkəzində bu balans dayanır
Onun sözlərinə görə, Moskva işğal etdiyi ərazilərin maksimum dərəcədə leqallaşdırılmasına nail olmaq istəyir:
"Ukraynanın əsas gözləntisi isə sadə və şəffaf atəşkəsin əldə olunması, işğal olunmuş ərazilərin Rusiya torpağı kimi tanınmasının qarşısının alınmasıdır. Ordunun sayı, hərbi qüvvələrin hansı ərazilərdə yerləşdirilməsi kimi detallar da danışıqların vacib hissəsidir".
Həmsöhbətimizin fikrincə, hazırkı mərhələdə əsas məqam odur ki, Kiyev faktiki işğal reallığını qəbul etsə də, bu ərazilərin Ukraynaya məxsus olması prinsipindən imtina etmir.
"Prosesin mərkəzində məhz bu balans dayanır",- Fərhad Məmmədov fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 


jpg-1764150455.jpg)
