Bu ilin birinci rübündə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1% çoxdur.
Hesabat dövründə Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmində AİB-in payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,720 milyard ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə çoxdur.
Azərbaycan ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlıq uzun illərdir nəqliyyat, energetika, su təchizatı, dövlət idarəçiliyi və özəl sektorun inkişafı kimi müxtəlif istiqamətləri əhatə edir. Son illərdə tərəflər arasında əməkdaşlığın əsas prioritetlərindən biri regional bağlantının gücləndirilməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerji layihələrinin dəstəklənməsi olub. Bu ilin ilk rübündə AİB-in Azərbaycan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcminin artması da tərəfdaşlığın genişləndiyini göstərir.
Bu əməkdaşlığın perspektivlərindən danışan AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya Qutyerres Trend-ə müsahibəsində bildirib ki, Bank Orta Dəhliz boyunca nəqliyyat, ticarət və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirir.
Leya Qutyerres Trend-ə bildirib ki, qurumun əsas təşəbbüslərindən biri Orta Dəhlizlə uzlaşan CAREC-2 nəqliyyat marşrutunun inteqrasiya olunmuş iqtisadi dəhlizə çevrilməsidir. Onun sözlərinə görə, bu çərçivədə infrastruktur və logistika sahələrinə investisiyalar tənzimləyici islahatlarla uzlaşdırılacaq, məqsəd isə Xəzər regionunda tranzit əlaqələrinin gücləndirilməsi və region ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsidir.
L.Qutyerres qeyd edib ki, AİB hazırda CAREC-2 dəhlizinin inkişafı üzrə xüsusi strategiya hazırlayır. Strategiyada sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, ticarətin rəqəmsallaşdırılması və logistika mərkəzlərinin inkişafı kimi az xərc tələb edən, lakin yüksək səmərə verən layihələrə üstünlük veriləcək. Bununla yanaşı, uzunmüddətli nəqliyyat infrastrukturunun yenilənməsi üçün də zəmin yaradılacaq.
O əlavə edib ki, AİB Avropa Komissiyasının Transxəzər Nəqliyyat Dəhlizi üzrə Koordinasiya Platformasında iştirak edərək regiondakı təşəbbüslərin əlaqələndirilməsinə töhfə verir.
Enerji sahəsinə toxunan L.Qutyerres bildirib ki, AİB və Asiya İnfrastruktur İnvestisiya Bankı Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli vasitəsilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya "yaşıl" elektrik enerjisinin ötürülməsini nəzərdə tutan "Yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dəstək göstərir.
Onun sözlərinə görə, bu layihə regionda təmiz enerji ticarətinin inkişafı, ölkələr arasında əlaqəliliyin gücləndirilməsi və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük potensiala malikdir.
Bakı 



