Türkiyə və Azərbaycan paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə müraciət ediblər.
Bakıvaxtı.az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.
Müraciətlə bağlı yekun qərarın noyabrın 30-dan dekabrın 5-dək Çinin Syamen şəhərində keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin iclasında qəbul ediləcəyi gözlənilir.
Türkiyə və Azərbaycan bu məşhur şirniyyatın mədəni irs siyahısına "baklava" və "pakhlava" adları altında daxil edilməsi üçün birgə namizədlik təqdim ediblər. Türkiyə rəsmiləri UNESCO-nun müsbət qərar verəcəyinə ümid etdiklərini bildirirlər. Onların fikrincə, belə bir qərar Yunanıstanın bu təamla bağlı irəli sürdüyü iddiaların qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısı şifahi ənənələrin, ifaçılıq sənətinin, adət-ənənələrin, bayramların, sənətkarlıq nümunələrinin və ənənəvi biliklərin qorunması məqsədilə yaradılmış beynəlxalq reyestrdir. Siyahıya hazırda nəsildən-nəslə ötürülən və dünya xalqlarının mədəni özünəməxsusluğunu əks etdirən 600-dən çox qeyri-maddi irs nümunəsi daxildir.
Bakı 



