"Hörmüz boğazındakı vəziyyətə hər hansı kənar müdaxilə akvatoriyada gərginliyi daha da artıracaq və gəmiçiliyin bərpasına kömək etməyəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.
"Hər hansı müdaxilə və ya paralel nizamlanma mexanizmlərinin yaradılması cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirəcək, gərginliyi artıracaq və bu həyati əhəmiyyətli su yolunda gəmiçiliyin bərpasını ləngidəcək. Son iki gecə ərzində Hörmüz boğazında baş verən hadisələr və toqquşmalar bunun bariz sübutudur", - deyə o, iraqlı həmkarı Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Əraqçının sözlərinə görə, Hörmüz boğazında gəmiçilik 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qayıda bilər. Bunun üçün isə bütün maneələrin aradan qaldırılması və İran-ABŞ memorandumu çərçivəsində götürülən öhdəliklərə bütün tərəflər tərəfindən ciddi əməl olunması vacibdir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib. Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat İranın Hörmüz boğazında "kommersiya gəmiçiliyinə qarşı davam edən təcavüzünə" cavab olaraq həyata keçirilib.
SEPAH isə buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Küveyt və Bəhreyndə yerləşən mühüm hərbi infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
Bakı 



