Azərbaycanda “Ali təhsil haqqında” Qanun qəbul oluna bilər.
Milli Məclisdən verilən məlumata görə, bu adda qanun layihəsinin parlamentin müvafiq komitəsində müzakirəsi gözlənilir. Layihə qəbul olunarsa, bu, Azərbaycanda ilk ali təhsil haqqında qanun olacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə Bakıvaxtı.az-a bildirib ki, sözügedən qanuna ehtiyac var.
“Azərbaycanda “Təhsil haqqında” qanun var. Lakin qanun kifayət qədər ümumi xarakter daşıyır və müxtəlif təhsil pillələrinin hüquqi normativ bazasını tənzimləmir. Yəni tam olaraq prosesləri tənzimləməyə ehtiyac var. Odur ki, “Ali təhsil haqqında” qanunun tərtib və təsdiq olunmasına çox böyük ehtiyac var. Qanun layihəsində tələbələrin akademik mühiti, Rektorlar Şurasının yaradılması, tələbə təhsil krediti və başqa vacib məsələlər əks olunub. Qanun vahid, sistemli, normativ, yerli və beynəlxalq sənədlərə, standartlara uyğun yaradılacaq”, - deyə Ş.Seyidzadə bildirib.
Deputat qeyd edib ki, Milli Məclisin Elm və təhsil komitəsində 2021-ci ilin payız sesiyası ərzində “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupunun bir neçə iclası keçirilib: “Elm və təhsil komitəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən iclasda ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə qanun layihəsi müzakirə edilib. Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə, eləcə də, xüsusi təyinatlı və və özəl ali təhsil müəssisələrinə sözügedən qanun layihəsinin ilkin variantı göndərilib. Söhbət 50-yə yaxın ali təhsil müəssisəsindən gedir. Müəyyən olunmuş müddətdə ali təhsil müəssisələrindən rəylər alınıb. Ali təhsil müəssisələrindən gələn təkliflər işçi qrupu tərəfindən təhlil edilir və qanun layihəsində nəzərə alınır. Qanun layihəsi Elm və təhsil komitəsində təsdiq olunub və Milli Məclisin 2022-ci il yaz sesiyasına daxil edilib. Müzakirlərdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur”.
Ramid İbrahimov
















