• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Allergiya mövsümü: nəyə diqqət edək, necə qorunaq?

CƏMİYYƏT

28 Mart 2023 | 14:25

Allergiya mövsümü: nəyə diqqət edək, necə qorunaq?

Yaz fəslinin gəlişi ilə təbiət oyanır, insanlara da ruh yüksəkliyi yaranır. Ancaq heç də hər kəs bu aylardan doya-doya zövq ala, gəzə, nəfəs ala bilmir. Yaz aylarında yaranan allergiya onları narahat edir, rahat gəzməyə icazə vermir.

Avropa allerqologiya və kliniki immunologiya akademiyasının həqiqi üzvü Pərviz Əzizov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaz aylarında xəstələrdə daha çox allergik rinit və allergik konyunktivit şikayətləri olur: “El arasında buna pollinoz da deyirlər. Ağacların tozcuqlarına qarşı olan allergik xəstələrdə yaranan şikayətlərdir. Bu şikayətlər, əsasən, burunu və gözü zədələyir. Daha az hallarda bronxları və dərini də zədələyə bilər”.

Onun sözlərinə görə, əgər allergik rinit fəsillə bağlıdırsa, təbii ki, bu, ağacların tozcuqlarına qarşı olan allergiyadır. Tozcuqların tərkibində müəyyən zülallar var. Həmin zülallar insanın immun sistemi üçün yad kimidir. Bu zülallar immun sisteminə yad olduğu üçün onunla mübarizə aparmağa başlayır. Beləliklə, müəyyən simptomlar yaranmağa başlayır. Bu simptomlar burunun selikli qişasının allergik mənşəli iltihabı ilə özünü biruzə verir. Bu simptomlar burunun tutulması, burundan şəffaf maye axması, asqırma və burun boşluğunda qaşıntı ilə müşahidə olunur. Bundan əlavə, bu cür xəstələrdə başqa şikayətlər də yaranır. Bu, gözlərin qaşınması, qızarması, yaşarması kimi simptomlarla özünü göstərir. Bəzən bu, insanlarda göz ətrafları şişməyə başlayır”.

Allerqoloq qeyd edib ki, insanlarda mövsümi bronxial astma da olur: “Yəni insan il boyu özünü yaxşı hiss edir, bronxlarında heç bir şikayəti olmur, amma mövsümü olaraq yaz fəslində tozcuqlarla təmas vaxtı öskürməyə başlayır. Həmçinin, tənəffüs yollarında döş qəfəsi arxası nahiyəsində daralma, sıxıntı kimi şikayətlərlə həkimlərə müraciət edirlər. Bu cür xəstələrdə boğulmalar, xışıltılı tənəffüs, təngənəfəslik yaranır. Bu, bilavasitə bronxial astmanın şikayətləridir. Bundan əlavə, bəzən tozcuqların tərkibində olan zülalların immum sistemimizlə təması zaman dəridə problemlər yarana bilir. Bu nöqteyi nəzərdən bir neçə xəstəlik kəskinləşə, ağırlaşa bilər. Onlardan birincisi, təbii ki, atopik dermatiti olan xəstələrdir. Əgər onların tozcuğa qarşı allergiyası varsa, atopik dermatit də kəskinləşir”.

Müsahibimiz onu da bildrib ki, bəzi xəstələrdə kontakt övrə yaranmağa başlayır. Buna bəzən kontakt övrə sindromu da deyirlər. Bu, çox böyük bir məhfumdur, yalnız tozcuqla təmas vaxtı yaranan bir şey deyil. Amma ağacların tozcuqları ilə təmas vaxtı da kəskinləşə bilir.

“Hər şey etməliyik ki, bu tozcuqlar burunun selikli qişasına, gözlərimizə, aşağı tənəffüs yollarımıza düşməsin, ya da az düşsün. Düşməməsi mümkünsüzdür. Çünki düşməməsi üçün gərək biz 1 aylıq başqa ölkəyə köçək ki, orda bu tozcuqlar olmasın” deyən allerqoloq bildirib ki, allergiya tutmaması üçün pəncərələri bağlayıb bu vaxtı ev şaraitində keçirmək də məqsədəuyğundur. Daha çox yağışlı havalarda küçədə, parkda gəzmək, istirahət etmək tövsiyə olunur. Bunların hamısı tozcuğun havada olan konsantratsiyasının az olduğu vaxtda etmək lazımdır. Çünki havada tozcuğun konsentratsiyası çoxdursa, təmas zamanı qeyd etdiyim şikayətlərlə üzləşə bilərik.

Həkimin sözlərinə görə, bundan əlavə, göz ətrafına daha sıx oturan eynəklər mexaniki olaraq tozcuqların gözlərimizə düşməsini azaldır: “Bəzi burun filtrlərindən də istifadə olunur. Bunların effektivliyi tədqiqatlarda özünü çox zəif təstiqləyib. Yəni bunlar bütün xəstələrə tövsiyə olunmur. Çünki burun seliyi və tozcuqlarla qarışdığı vaxt filtrlərdə olan dəliklər tutulmağa başlayır. İnsan, onsuz da, əziyyət çəkir, bu filtrlərə görə də daha pis nəfəs almağa başlayır. Bu zaman tozcuqlar ağız vasitəsilə aşağı tənəffüs yollarına keçir. Ona görə burun filtrlərini hamıya yox, yüngülvari simptomları olan insanlara tövsiyə edə bilərik”.

Bundan əlavə, tövsiyə olunur ki, xəstələr küçədə, parkda gəzib evə qayıtdıqları zaman bütün üst geyimlərini soyunub asılqana qoysunlar. İmkan varsa, yüngül duş qəbul etsinlər ki, saçlarında, dərilərində olan tozcuğu yuyub aparsınlar. Bu tövsiyələr şikayətlərin aradan qaldırılması üçün azlıq təşkil edirsə, xəstələrə allerqoloqlara müraciət etməyi tövsiyə edirik. Biz onlara simptomatik müalicə yazırıq ki, simptomlar azalsın. Bu da müxtəlif dərmanlar, burun spreyləri, göz damcıları ola bilər. Dəridə problem varsa, müəyyən məlhəmlər, kremlər ola bilər.

P.Əzizov onua da bildirib ki, bunların hamısı simptomatik müalicədir: “Amma əsas allergiyanın müalicəsi allergen-spesifik immunterapiyadır. Allergen-spesifik immunterapiya bir növ peyvəndi də xatırladır, ona oxşar formadadır. Çünki bu terapiya vaxtı xəstələrə xırda dozalarda nəyə qarşı allergiyası varsa həmin allergenləri dərman formasında veririk ki, xəstələrin immun sistemi o allergenlərə qarşı tolerantlıq yaratsın. Bu uzunmüddətli müalicədir. Əsasən, fəsil öncəsi və bütün fəsil boyu davam edən bir müalicə növüdür. Bu müəalicəni hər il 6 ay edirik. Ən azı 3 il ərzində allergen-spesifik immunterapiya aparılmalıdır. İdeal olaraq 5 il tövsiyə olunur. Əgər xəstə bu terapiyanı keçirsə, təbii ki, yaz fəslində simptomlar şiddətli dərəcədə narahat etmir. Bəzi xəstələrdə astma olmasa da, allergik rinit varsa, mövsümi astma yaranma təhlükəsi çox yüksəkdir. Bu terapiya astmanın yaranmasının qarşısını 70-75% almağa malik olan metodikadır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024