Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, son dönəmdə dünyada baş verən bir sıra hadisələr eyni zamanda regionda da gərginliyi artırıb.
Ekspertin sözlərinə görə, istər ABŞ-İran, istər Rusiya-Ukrayna mövzusunda, istərsə də Türkiyə ilə əlaqəli mövzularda aktivlik müşahidə olunur:
"Baş verən hadisələr fonunda Azərbaycan və Türkiyə liderlərinin bir araya gəlməsi həm vacib, həm də lübüd idi. Çünki nəinki regionda, hətta dünyada Türkiyə və Azərbaycan birliyinin əhəmiyyətli rolu var. Türkiyə ilə Azərbaycan siyasi və digər yönlərdən bir-birini tamamlayır. İsrail ilə Azərbaycanın normal münasibətlərinin olması Türkiyə ilə İsrail arasında bəzən gərginləşən prosesləri yoluna qoymağa fayda verir. Həmçinin, Türkiyə Ermənistanla sülh prosesində təsirli rol oynayır. ABŞ-nin regionda yeni müharibə üçün startda olması zəminində Azərbaycan da daxil olmaqla region dövlətlərinin müzakirələr aparması, görüşlər keçirib mühüm mövzularıda danışıqlar aparması zəruridir. İrana hərbi müdaxilə olarsa, bunun region dövlətlərinə təsiri, zərərləri barədə də müzakirələrin aparılması zəruridir. Türkiyə və İsrail arasındakı münasibətlərin normal olması Yaxın Şərqin, həmçinin bölgənin təhlükəsizliyi üçün vacibdir. Ermənistan-İran hərbi təlimlərinin yalnız gərginliyi artmağa xidmət etməsi məlumdur”.
Tural İtfan: Türkiyədə keçirilən bu görüşün çox böyük əhəmiyyəti olduğu kimi böyük faydası da olacaq
Müsaahibimiz qeyd edib ki, müzakirə edilən mövzuların çoxşaxəli, bir neçə yöndə olması həqiqətən bölgədə gərginliyin artdığını göstərir. Lakin Türkiyə və Azərbaycan prezidentlərinin müdrik siyasəti və hər iki qüdrətli dövlətin müvafiq mövqeyi gözlənilən nəticəyə varılmasına kifayət edəcək:
“Suriya ilə bağlı, İran və İsrail ilə əlaqədar olan mövzularda müzakirələr, nəticə və yaranmış durumun həll yolları üzərində hansı işlərin görülməsini şərtləndirəcək. Azərbaycanın keçmiş Qarabağ probleminin həllindəki böyük təcrübəsi regionda hazırki gərgin durumdan çıxış yollarının tapılmasında da öz töhfəsini verəcək. Ümumi nizamın tənzimlənməsində bu görüşün əvəzsiz əhəmiyyətə malik olduğunu yaxın günlərdə görəcəyik".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Suriya prezidenti Əhməd Əl Şaraa ilə də görüşü baş tutub:
"Düşünürəm ki, Türkiyədə keçirilən bu görüşün çox böyük əhəmiyyəti olduğu kimi böyük faydası da olacaq. Azərbaycan bölgənin lider ölkələri sırasındadır və bir çox proseslərdə həlledici rola malikdir. İstər İran-İsrail, istərsə də Türkiyə-İsrail mövzusunda Azərbaycanın mövqeyinin və sözünün böyük önəmi var. Hesab edirəm ki, bu görüşün nəticələri həm bölgədə, həm də dünyada sülhə olan gözləntilərin reallaşmasına töhfə verəcək".
Aydın Baxış