Xəbər verdiyimiz kimi, iyirmi iki ölkədə indiyədək uşaqlarda mənşəyi məlum olmayan 250-yə yaxın hepatit qeydə alınıb.
Bakıvaxtı.az-ın məlumatına görə, mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropa regionundadır. Bir sıra hallar da təsdiqini gözləyir.
Mütəxəssislər hepatitin koronavirusa qarşı peyvəndlə əlaqəsini müəyyən etməyiblər və əsas fərziyyələr adenovirus və koronavirusla bağlıdır.
Avropa ölkələrinin əksəriyyətində yayılan bu xəstəliyin Azərbaycana da gəlmə ehtimalı varmı?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, hepatit daha çox adenovirusla əlaqələndirilir: “Bu xəstəliyin koronavirusla bağlı olma ehtimalı çox azdır, adenovirus mənşəli olduğu ehtimal olunur. Azərbaycanda yayılma ehtimalı çox deyil, çünki bu, əsasən, Avropa ölkələrində yayılıb”.
İnfeksionist vurğulayıb ki, xəstəlik tənəffüs yolları ilə yayılmadığı üçün o qədər də sürətli yoluxma ehtimalı da yoxdur, sadəcə tək-tək xəstələr var: “Düzdür, artıq bir neçə ölkədə yayılıb, amma onların sayı elə də çox deyil. Xəstəliyin mənşəyi hələ tam məlum olmasa da, adenovirusun alamətləri də var”.
Aytac Aslan
















