Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi quracaq. Bununla bağlı məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyib.
“Bu gün Azərbaycan tərəfi erməni tərəfinə məlumat verib ki, saat 00:00-dan etibarən Qoris-Kapan avtomobil yolunun hissələrində gömrük və sərhəd prosedurlarını həyata keçirəcək, yəni, nəzarət-buraxılış məntəqəsi yaradacaq”, - Armen Qriqoryan Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib.
Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, Gorus-Qafan yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır.
“Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcmini artmasına imkan verəcək və daha çox yüklərin Cənibi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq.
Azərbaycan bütövlükdə regionda davamlı iqtisadi inkişaf, eyni zamanda dayanıqlı sülh üçün bu istiqamətdə əməkdaşlığı nümayiş etdirib. Eyni zamanda, xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoymalıdır”.
Bir hissəsinin Azərbaycan ərazisindən keçdiyi Gorus-Qafan yolu Ermənistana yük aparan maşınların istifadə etdiyi əsas yoldur.
Bu ilin sentyabr ayında Azərbaycan polisinin bu yolda İran nömrəli yük maşınlarını yoxlaması və sürücülərin saxlanılması Azərbaycan və İran arasında gərginliyə səbəb olmuşdu.
Dövlət Gömrük Komitəsinin sentyabrın 13-də yaydığı açıqlamada bildirilirdi ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri "yol vergisinin vergitutma obyektidir".
Ramid İbrahimov
















