Fransanın Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunanlardan birinin şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməniəsilli fransız jurnalist Leo Nikoliyan özünün rəsmi sosial media hesabında məlumat verib. Bildirib ki, həmin şəxs Merkorama MMC-nin baş direktoru Martin Rayandır və o, Azərbaycana qarşı casusluqda ittiham olunaraq Bakıda həbs olunub. Onun sözlərinə görə, M.Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın Xarici Kəşfiyyat Baş İdarəsi agenti tərəfindən istifadə edilib.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Fransanın Azərbaycandakı agentinin həbs olunması ilk növbədə dövlətimizin xüsusi xidmət orqanlarının fəallığının, operativliyinin nümunəsi, hüquq-mühafizə orqanlarının inkişafının sübutudur.
Onun sözlərinə görə, Fransanın ölkəmizdə agentura şəbəkəsi qurması şübhəsiz ki, Parisin qeyri-səmimi siyasətinin və sülhə qarşı olmasının təsdiqidir: "Ermənistan kimi zəif dövlətin ölkəmizə agent yeritməsi mümkün görünmür. Ona görə də ermənilərin fransalı tərəfdaşları yardımçı olublar. Habelə Fransa özü məkrli maraqları üçün Cənubi Qafqazda bu kimi hiyləgər addımlar atır”.
Müsahibimiz hesab edir ki, erməni lobbisinin Fransadakı əlaqələrinin sayəsində bu agentlər vasitəsi ilə İrəvana məlumat ötürmək niyyəti də olmamış deyil: “Avropa ölkələrinin belə cəhdlərə təşəbbüs etməsi, bir qədər əvvəl də İran casus şəbəkəsinin ifşası və zərərsizləşdirilməsi Fransa və İranın gizli ideoloji ortaq maraqlarının olmasını inkar etmir. Ən azı İran və Fransanı Azərbaycana və Türkiyəyə qarşı apardıqları siyasət birləşdirir. Ermənistana dəstək məsələsində də eyni hədəfə vururlar. Lakin uzun illər Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun üzvü kimi hərəkətsizliyi və Ermənistana münbit işğal şəraiti yaratması 44 günlük savaşda iflasa uğradı. Odur ki, Fransanın nəyisə diqtə etmək şansı əldən çıxdı. Fəqət şəbəkənin ifşası Fransanın nüfuzunu və Qafqazdakı təsirini azaldacaq".
Aydın Baxış
















