Azərbaycanda musiqinin inkişafı və ya geriləməsi mövzusu cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir.
Zəngin musiqi irsi və əsrlər boyu formalaşmış ənənələri ilə tanınan Azərbaycan musiqisi, keçmişdən bu günə qədər bir çox dəyişikliklərə məruz qalıb. Lakin müasir dövrdə bu sahədə baş verən proseslər bəziləri tərəfindən inkişaf, digərləri tərəfindən isə geriləmə kimi qiymətləndirilir.
Bu sualın cavabı, musiqinin müxtəlif janrlarında və inkişaf istiqamətlərində baş verən dəyişikliklərin dərindən araşdırılmasını tələb edir.
Ölkənin musiqi mənzərəsi və musiqi sahəsində təhsilin inkişafı ilə bağlı sualları musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva Bakıvaxtı.az-a müsahibəsində dəyərləndirib:
- Azərbaycanda musiqiyə maraq azalıbmı?
- Musiqiyə olan marağın azalması barədə fikirlərin əksinə olaraq, bu sahədə baş verən dəyişikliklərin fərqli səviyyələrdə qiymətləndirilməsi daha düzgün olar. Musiqinin professional və qeyri-peşəkar səviyyələri mövcuddur, bu səviyyələri müəyyən edən əsas amil fərqli zövqlərə malik olan dinləyici kütlələridir. Professional səviyyədə musiqi yüksək musiqi təhsili almış və uzun illər təcrübə toplamış sənətkarlar tərəfindən ifa olunur. Bu səviyyədə musiqiçilər adətən dərin nəzəri biliklərə malikdirlər və musiqi sahəsində yüksək keyfiyyətli əsərlər yaradırlar. Azərbaycan musiqisi tarixində muğam ifaçıları, bəstəkarlar və klassik musiqiçilər bu kateqoriyaya aiddir. Onların yaradıcılığı, yüksək zövqə malik dinləyicilər tərəfindən böyük rəğbət qazanır.
Qeyri-peşəkar səviyyədə musiqi isə daha çox populyar mədəniyyətin bir hissəsi kimi qəbul edilir və geniş kütlə arasında məşhurdur. Bu səviyyədə musiqiçilər bəzən formal musiqi təhsili almadan, lakin öz istedadlarına güvənərək musiqi yaradırlar. Bu cür musiqilər bəzən sadə və asanlıqla anlaşıqlı olur, bu da onların kütləvi dinləyici auditoriyası tərəfindən qəbul edilməsinə şərait yaradır.
Hər iki səviyyə arasında kəskin bir ayrım olsa da, hər biri öz dinləyici auditoriyasına malikdir və bir-birini tamamlayır. Musiqi sahəsində müxtəlif zövqlərə malik olan insanların mövcudluğu, musiqinin fərqli istiqamətlərdə inkişafına imkan yaradır.
Bu səbəbdən musiqiyə olan marağın azalmasından danışmaq əvəzinə, fərqli zövqlərin və səviyyələrin bir arada mövcudluğunu qeyd etmək daha məqsədəuyğundur. Bu müxtəliflik musiqi mədəniyyətinin zənginliyini göstərir və Azərbaycanın musiqi sahəsindəki potensialını daha da artırır.
- Ölkəmizdə musiqi təhsilinin son durumu necədir?
- Azərbaycanda musiqi təhsili hər zaman inkişafdadır. Bunun bariz göstəricisidir ki, təkcə Bakı şəhərində fəaliyyət göstərən 40-a yaxın musiqi və incəsənət məktəblərinin şagird və məzunları ölkəmizdə və xaricdə zəngin mədəniyyətimizi yüksək səviyyədə təqdim və təbliğ edir. Burada həm dövlət 5, 7, 11 illik musiqi və incəsənət məktəbləri, həm də orta ixtisas musiqi məktəbləri, eyni zamanda da özəl musiqi və incəsənət məktəblərini qeyd etmək olar. Həmin musiqi təhsil mərkəzlərinin fəaliyyəti gələcəkdə mədəniyyətimizin çoxşaxəli və daha da geniş vüsət alması üçün bünövrə yaradır. Unutmayaq ki, tarixən ölkəmizi ən çox tanıdan mədəniyyətimiz olub.
Musiqinin dili yoxdur və o, sərhəd tanımır. Bu baxımdan şəhərdə günü-gündən musiqi kursları da artır. Onların iş fəaliyyəti də körpələrimizin bacarıqlarını aşkarlayaraq məktəblər üçün bir növ yeni kontingentin yaranmasına yardım edir. Misal üçün, mən işlədiyim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasında oxuyan ən parlaq şagirdlərindən biri Hüseyn Quliyevin istedadı məhz belə musiqi kurslarda aşkar olunub. Hazırda o, müxtəlif Beynəlxalq və Respublika müsabiqələr laureatıdır.

Aytən Baxşiyeva: Azərbaycanda musiqi təhsili hər zaman inkişafdadır
- Musiqi təhsili, ümumiyyətlə, musiqi ilə bağlı hansı addımlar atılmalıdır?
- Musiqi təhsili və ümumilikdə musiqi sahəsində atılacaq addımlar Azərbaycanın zəngin musiqi irsini qorumaq və inkişaf etdirmək, eləcə də bu mədəniyyətin gələcək nəsillərə ötürülməsini təmin etmək üçün son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu prosesin müxtəlif aspektlərini əhatə etmək lazımdır ki, həm musiqi təhsilinin səviyyəsi yüksəlsin, həm də musiqi mədəniyyəti cəmiyyətin bütün təbəqələri arasında geniş yayılsın. Musiqi təhsili sahəsində ilk növbədə müasir yanaşmaların tətbiqi vacibdir. Musiqi və incəsənət məktəbləri, kolleclər və konservatoriya və akademiyada tədris proqramlarının müasirləşdirilməsi tələb olunur. Tədris proqramlarının yenilənməsi, beynəlxalq təcrübənin öyrənilməsi və milli musiqi dəyərlərimizin qorunması ilə balanslaşdırılmalıdır. Müasir texnologiyaların tədris prosesinə inteqrasiyası da diqqətə alınmalıdır. Rəqəmsal musiqi alətləri və proqramlarının tədris proqramlarına daxil edilməsi, gənc musiqiçilərin rəqabət qabiliyyətini artıracaq. Bununla yanaşı, musiqi müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması vacibdir. Müəllimlərin davamlı olaraq ixtisasartırma kurslarına qatılması, beynəlxalq təcrübə mübadilələrində iştirak etməsi onların peşəkarlıq səviyyəsini yüksəldəcək və tədris keyfiyyətini artıracaq. Bu, xüsusilə ənənəvi Azərbaycan musiqisinin – muğam və xalq musiqisinin tədrisi üçün vacibdir. Muğam sənəti dərin nəzəri bilik və ifaçılıq bacarığı tələb edir, buna görə də bu sahədə çalışan müəllimlər yüksək səviyyədə təlim keçməlidirlər.
Əli Hüseynov
Bakı 




