İstiqamət: 6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Qadına qarşı zorakılıq dünyanın hər yerində - həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə insan haqlarının ən çox yayılmış pozuntularından biridir. Empirik dəlillər göstərir ki, bu zorakılıq qadınların cəmiyyətdəki mövqeyinin dəyərsizləşməsi və nəticədə onların ailə həyatında asılı vəziyyətə düşməsindən qaynaqlanaraq, qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli şəkildə qadınlara qeyri-mütənasib dərəcədə təsir göstərir.
Qadın zorakılığı cəmiyyətdə gender münasibətlərindəki bərabərsizliyin ən kəskin təzahürüdür. Bu, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya (CEDAW), “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında Bəyannamə” kimi beynəlxalq sənədlərdə öz əksini tapır və 1995-ci ildə BMT-nin Pekində keçirilmiş Dördüncü Ümumdünya Qadın Konfransında vurğulanmışdır.
Məişət zorakılığı dünya miqyasında problem yaradan bir mövzudur. Bu məsələ Covid-19 pandemiyası zamanı daha da aktualdır. Qurbanlar ailədə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən döymə, cinsi zorakılıq, ailədaxili təcavüz (zorlama) və istismarla əlaqəli digər şiddətdən əziyyət çəkirlər. Məişət zorakılığı hərəkətləri bütün cəmiyyət üçün fiziki, zehni və iqtisadi xərclərə səbəb olur. Məişət zorakılığının bütün formalarını tam şəkildə əhatə edən səmərəli hüquqi tədbirlər bu prosesdə həlledici əhəmiyyətə malikdir. Belə tədbirlər qurbanları qorumaq və imkanlarını gücləndirmək və günahkarları mühakimə etməklə məişət zorakılığının qarşısının alınmasına kömək edir.
Qadınlara qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və bu zorakılığa uşaq yaşında baş verən erkən nikahdan tutmuş cinsi zorakılıq, məişət zorakılığı, hüquqi ayrı-seçkilik və istismara qədər bütün zorakılıq formaları daxil ola bilər.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynallı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadın zorakılığı və erkən nikaha qarşı yaxşı sistem qurulmağa başlamışdı, lakin Covid pandemiyası ilə bu sistemin fəaliyyəti zəiflədi: “Ölkədə monitorinq və nəzarət mexanizmi qurulmuşdu. Lakin belə görünür ki, bu mexanizm də fövqəladə hallar üçün kifayət deyilmiş. Əslində fövqəladə vəziyyətlərdə qadınların, qızların vəziyyətinin qiymətləndirilməsi və operativ dəstək göstərilməsi haqqında da qərarlar verilməlidir. Təəssüf ki, hazırda bizdə fövqəladə vəziyyət üçün qərarlar yoxdur. Mən düşünürəm ki, bu barədə biz işləməliyik”.
Mehriban Zeynalova qeyd edib ki, sosial şəbəkələrdə qadınların əxlaqsız adlandırılması da zorakılığın bir növüdür: “Pandemiya dönəmində kişilərin porno videolara baxması da psixikanı pozdu. İş yox, güc yox, qeyri-etik videolar izləyirlər və beləliklə, əlçatan kimdisə ona zorakılıq tətbiq edirlər. Zorlama psixi problemin bir növüdür. Zorakılıq o qədər ağır bir şeydir ki, onu etmək üçün gərək insanlıqdan çıxasan. Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət etmişəm və bildirmişəm ki, sosial şəbəkələrdə zorakılığı təbliğ edən videolar, postlar paylaşan insanlar cərimələnsin. Bu cərimələr yüz, iki yüz manat məbləğində deyil, beş-on min manat məbləğində olmalıdır”.
QHT sədri bildirib ki, zorakılıqla bağlı paylaşım edən insanlar hansı cinayət törətdiklərinin, cəmiyyətə hansı zərəri vurduqlarının fərqində deyillər: “Ona görə də bu məsələdə mütləq şəkildə cərimələr tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrin cəmiyyət üzərində bu gün böyük təsirləri var. Orda kimsə zorakılıqla bağlı bir paylaşım görür, qarşısının alınmadığından xəbərdar olur və deyir: “nə var ki, mən də belə paylaşım edim, onsuz mənə nə edəsidilərki?”. Mən bu məsələni belə qoymayacağam və ardınca gedəcəyəm. Pandemiyadan əvvəl məktəblərdə, icra hakimiyyətlərində güclü nəzarət mexanizmi var idi. Ümumiyyətlə mən belə düşünrəm ki, erkən nikaha məcbur edilən uaqların yalnız valideynləri yox, həmin ərazinin icra hakimiyyəti orqanı da cərimə olunmalıdır. Çünki onun ərazisində baş verən hadisədir. Bəs, icra hakimiyyətləri nə işlə məşğuldurlar? Erkən nikah məsələsində icraedici orqanlar, həmin qızın oxuduğu məktəb də cərimələnməlidir”.
Nuranə Daxilqızı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.