• Bakı 23° C

    16.05 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Azərbaycanda su idarəçiliyində qarşıdakı 5 ilin əsas hədəfləri açıqlanıb

CƏMİYYƏT

11 Sentyabr 2025 | 14:38

Azərbaycanda su idarəçiliyində qarşıdakı 5 ilin əsas hədəfləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti su idarəçiliyi üzrə qarşıdakı 5 ilin əsas hədəflərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xidmətin rəisi Rafiq Aslanov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.

R. Aslanov bildirib ki, əsas məqsəd qəbul olunmuş strategiyaların və proqramların icrasını təmin etməkdir:

"Qarşıdakı 5 ildə əsas hədəflər əhalinin və sahibkarlıq subyektlərinin sudan səmərəli istifadə və qoruma sahəsində maarifləndirilməsinin genişləndirilməsi, yerüstü suların yenidən qiymətləndirilməsi, suvarma və içməli suda itkilərin azaldılmasıdır. Həmçinin transsərhəd çaylar və digər su obyektlərində monitorinq və nəzarətin gücləndirilməsi, icazəsiz istifadəyə qarşı tədbirlərin görülməsi, göllər, su tutarları və digər yerüstü suların düzgün uçotunun aparılması, ətraf mühitin qorunması və qanunvericiliyin icrası çərçivəsində inzibati və cinayət tədbirlərinin tətbiqi, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və yeni təkliflərin hazırlanmasıdır".

R. Aslanov əlavə edib ki, Xidmət fəaliyyətə başladığı ilk aylardan maarifləndirmə və məlumatlandırma işlərinə start verib və bu işlər gələcəkdə də davam etdiriləcək.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının qorunması və istifadəsinin səmərəli təşkili istiqamətində mühüm addımlar atılıb:

"Su obyektlərinin və axıntıların çirklənməsinin qarşısının alınması, istifadənin monitorinqi və dövlət nəzarətinin gücləndirilməsi əsas prioritetlərdəndir. Son iki ildə su idarəçiliyi sahəsində qurumlar birləşdirilərək, suların istifadəsi və mühafizəsi üzrə Dövlət Nəzarət Xidməti tərəfindən vahid koordinasiya təmin edilir. Bu qurum həm qanunvericiliklə müəyyən edilmiş funksiyaları icra edir, həm də su obyektlərinin təhlükəsizliyi və dayanıqlı istifadəsinə nəzarət edir".

R. Aslanov bildirib ki, ölkənin 14 iqtisadi regionunda su obyektlərinin istifadəsi, icazə verilməsi və ödənişli istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub:

"Tariflərin differensiallaşdırılması suların düzgün və bərabər paylanmasına dəstək göstərir. Bütün bu tədbirlər gələcəkdə su ehtiyatlarının qorunması, dayanıqlı istifadəsi və əhalinin içməli su təminatının təmin olunması üçün vacibdir".


SON XƏBƏRLƏR