• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Həccə və ya Ümrəyə gedən zəvvarların DİQQƏTİNƏ!

CƏMİYYƏT

10 Oktyabr 2025 | 22:08

Həccə və ya Ümrəyə gedən zəvvarların DİQQƏTİNƏ!

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişləri ilə bağlı sənəd hazırlanıb.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.

Sənəddə ilk olaraq ümumi sağlamlıq tələblərinə toxunulub:

"Yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir. Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri, mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar), diabet, immun çatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəlikləri olan insanlar, həmçinin kimyaterapiya alan və ya xərçəng xəstələri, o cümlədən, hamilə qadınlar, uşaqlar və yaşlı insanlar Həccə getməkdən çəkinməlidirlər".

Sənəddə yoluxucu xəstəliklərə qarşı tədbirlər də yer alıb: "Səudiyyə Ərəbistanı Krallığına gəlmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər. Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır. Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır. Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər".

Sənəddə bütün zəvvarlar üçün məcburi peyvəndlərin olduğu bildirilib:

"Beyin qişası iltihabı (meninqokokk infeksiyası – ACWY) və dördmikroblu meningokokk peyvəndi (ACWY) tələb olunur. Peyvənd Səudiyyə Ərəbistanına gəlməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır. Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır".

Qeyd edilib ki, mövsümi qrip (influenza) peyvəndi tövsiyə olunandır. Sarı qızdırma və poliomielit peyvəndləri isə yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.

Sənədə əsasən, Səudiyyə Ərəbistanına gələn zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər:

"Bununla sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq. Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər".

Zəvvarlara qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət etmələri tövsiyə edilib:

"Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin. Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın. Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur. Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin".

Sənəddə həmçinin qeyd edilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər. Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025