• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanın inkişafı gənclərin gözü ilə

CƏMİYYƏT

01 Fevral 2023 | 17:31 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanın inkişafı gənclərin gözü ilə

Bir gənc kimi Azərbaycanda gedən inkişafı görməmək mümkün deyil. İldən-ilə çiçəklənən və dünyaya səs salan odlar yurdu bütün gəncləri dövlətimizi daha da gücləndirməyə ruhlandırır.

1 fevral 1997-ci ildə Respublika Gənclər Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 Fevral - Azərbaycan Gənclər Günü elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycanda “Gənclər Günü” kimi təntənəli şəkildə qeyd olunur.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkənin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.

Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.

İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.

Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiyada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazıdır.

Sonda isə özüm də daxil olmaqla gənclərimizi bir daha təbrik edir, onlara bütün ictimai-siyasi, iş, karyera, şəxsi həyat kimi sahələrdə uğurlar arzulayıram.

Uğurlar, Azərbaycan gənci!

Afət Orucova

Bakı Dövlət Universitetinin tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026