Azərbaycan son illərdə xarici siyasətində balanslı və məqsədyönlü yanaşmasını davam etdirərək beynəlxalq arenada öz mövqelərini gücləndirir. Ölkə həm Qərb, həm də Şərq ölkələri ilə sıx əməkdaşlıq qurur, enerji təhlükəsizliyi, regional stabillik və nəqliyyat-logistika sahələrində etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycanın strateji layihələrdə fəal iştirakını və qlobal ticarət dəhlizlərində rolu artırır, onu regionda və dünyada əhəmiyyətli oyunçulardan birinə çevirir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri də bu kontekstdə diqqət mərkəzindədir. Ölkə uzun illərdir təşkilatın fəaliyyətində iştirak edir və strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirir. Eyni zamanda, Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri Azərbaycanın qlobal iqtisadi və logistik əhəmiyyətini artırır, onu Avrasiyanın əsas nəqliyyat-hubuna çevirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Naqif Həmzəyev bildirib ki, Azərbaycan yaxın sammitlərdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olma istiqamətində mühüm addımlar atmağı planlaşdırır. Ölkə genişmiqyaslı geosiyasi dəyişikliklər fonunda balanslı və məqsədyönlü xarici siyasətini davam etdirir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və enerji, logistika, regional təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur:
"Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirir, qlobal nəqliyyat və ticarət şəbəkələrində fəal iştirak edir. Orta Dəhlizin inkişafı, limanlara yatırılan sərmayələr və logistika mərkəzlərinin icarəsi ölkəni Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq yükdaşımalarındakı rolu daha da artacaq".
Naqif Həmzəyev: Beynəlxalq səviyyədə Azərbaycanın ŞƏT-ə üzvlüyü məsələsi bəzi çətinliklərlə üzləşir
Onun sözlərinə görə, ölkə həmçinin Çinlə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirir, ticarət dövriyyəsi son bir ildə 1,5 dəfə artıb, vizaların ləğvi turizmin canlanmasına imkan yaradıb və qarşılıqlı iqtisadi, biznes və turizm əlaqələrini gücləndirib:
"Beynəlxalq səviyyədə Azərbaycanın ŞƏT-ə üzvlüyü məsələsi bəzi çətinliklərlə üzləşir, əsas maneə Hindistan tərəfindən yaradılır. Hindistan Azərbaycan-Pakistan münasibətlərindən narazıdır və həmçinin alternativ nəqliyyat layihələri ilə Orta Dəhlizə rəqabət göstərmək istəyir. Lakin aparıcı ŞƏT üzvlərinin təsiri ilə bu süni maneələrin aradan qaldırılması və Azərbaycanın tamhüquqlu üzv statusunun əldə olunması gözlənilir".
Deputat qeyd edib ki, Azərbaycan həm Şərq, həm Qərb ölkələri ilə əlaqələrini qoruyur, Avropanın enerji təhlükəsizliyinə töhfə verir, ABŞ-la dialoqu inkişaf etdirir və Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesində fəal rol oynayır. Ölkə terrorizm və separatizmə qarşı təcrübəsini regional sabitliyin təmin edilməsi məqsədilə beynəlxalq platformalarda paylaşmağa hazırdır.
Əli Hüseynov