• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azərbaycanın tərəqqisi həm də regionlarımızın inkişafı hesabına baş verir

LAYİHƏ

18 Noyabr 2022 | 15:59

Azərbaycanın tərəqqisi həm də regionlarımızın inkişafı hesabına baş verir

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar.

Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir.

Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir. Azərbaycanın tərəqqisi yalnız paytaxt Bakının hesabına deyil, regionlarımızın sosial-iqtisadi inkişafı da hesabına baş verir.

Əvvəlki dövrlə müqayisədə bölgələrimiz əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. İqtisadiyyatın dayanıqlı olması, eləcə də şaxələndirilməsi xüsusilə onun dinamik inkişafı üçün ən başlıca şərtdir. Nəzərə alsaq ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsidir və bu səbəbdən də xarici mühitdən təsirlənə bilir, deməli, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, həm də makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi daim təmin olunmalıdır və bu, hər zaman prioritet olaraq qəbul edilir. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib. Daha dəqiq desək, ilk növbədə qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi üçün olduqca önəmlidir. Eləcə də qeyri-neft iqtisadiyyatının inkişafı dövlət büdcəsinin gəlirlərinin artırılması deməkdir və əlbəttə ki, bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan da olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, artıq milli iqtisadiyyatın şaxələnməsi, həmçinin qeyri-neft sektorunun inkişafı sürətlənib və bütün bunlar həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq qiymətləndirilir.

Eldəniz Əmirov: Regionlarda sosial-iqtisadi inkişafa nail olmaq üçün kiçik sahibkarlığın inkişafına ehtiyac var

Ekspert Eldəniz Əmirov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda regionlarda sosial-iqtisadi inkişafa nail olmaq üçün mütləq şəkildə kiçik sahibkarlığın inkişaf etdirilməsinə çox böyük ehtiyac var: “Yəni, dünya təcrübəsində də bu, özünü birmənalı təsdiq edib. Britaniyada sahibkarlığa belə münasibət qoyulur ki, kiçik sahibkara toxunma, orta sahibkara dəstək ol, böyük sahibkarla mübarizə apar. Çünki böyük sahibkarlar dövlətin nəzarəti olmadığı zaman kiçik sahibkarları sıxışdırıb çıxarır. Nəticədə kiçik sahibkarlar üçün arzuolunmaz stiuasiyalar yaranır. Yəni kiçik sahibkar regionların sosial-iqtisadi inkişafında ən böyük faktor ola bilər”.

E.Əmirovun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var: “Əvvəllər də qeyd etmişəm, bir daha xatırlatmaq istəyirəm ki, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün mütləq şəkildə Rəqabət Məcəlləsinin qəbul edilməsinə çox böyük ehtiyac var. Daha sonra məhz kiçik sahibkarların maliyyə əlçatanlığının təmin olunmasına və bir də kənd təsərrüfatı sahəsində mövcud olan vergi güzəştlərinin emal sənayesinə tətbiq edilməsinə ehtiyac var”.

Həmsöhbətimiz qeyd edib ki, yəni, kənd təsərrüfatı məhsullarının xammal olaraq yönəldiyi emal sənayesində mütləq şəkildə ciddi güzəştlər paketi tətbiq edilməlidir. Bu səbəbədən də Eldəniz Əmirov hesab edir ki,  regionlarda sahibkarlığı stimullaşdırmaq üçün lazımdır.

“Bu da öz növbəsində ölkədə xaricdən idxal olunmuş ərzaq məhsullarından asılılığı azaldacaq, məşğulluğu təmin edəcək, əhalinin gəlirlərinin formalaşmasına xidmət edəcək, iqtisadi aktivliyi artıracaq. Hansı kontekstən baxsaq, bunlar olsa, regionların sosial-iqtisadi inkişafına nail ola bilərik”, - deyə Eldəniz Əmirov bildirib.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb ​​​​​​​


SON XƏBƏRLƏR