Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin yüksəldilməsi haqqında qərar qəbul edib.
Qərara görə uçot dərəcəsi 7,25 faizdən 7,5 faizə, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib. Dəhlizin aşağı həddi 6 faizdə saxlanılıb.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bakıvaxtı.az-a bildirib ki, uçot dərəcəsi Mərkəzi Bankın kredit təşkilatlarına verdiyi kreditin faiz dərəcəsidir.
“Yəni Mərkəzi Bankın kreditinin qiymətidir. İqtisadi nəzəriyyəyə görə inflyasiyaya qarşı mübarizə aparanda mərkəzi banklar bu dərəcəni artırır ki, iqtisadi aktivlik və dövriyyədəki pul həcmi azalsın. Yəni mərkəzi bank banklara bahalı kredit verir, onlar da öz növbəsində əhali və sahibkarlara verdikləri kreditləri bahalaşdırır”.
Ekspert qeyd edib ki, hazırda ölkədə kəskin inflyasiya müşahidə olunur: “Məntiqlə Mərkəzi Bank düz edir. Amma problem ondadır ki, uçot dərəcəsi yalnız o zaman işlək olur ki, mərkəzi bank bütün kredit təşkilatlarına bərabərhüquqlu şəraitdə kredit verir. Lakin bizim inhisarçı və qeyri-şəffaf bank sistemində bu, belə deyil. Mərkəzi Bank yalnız özünə bəlli olan meyarlar əsasında bir neçə banka kredit verir. Buna görə də onun uçot dərəcəsinin ciddi təsiri olmur”.
Ramid İbrahimov
















