Kreditlər fərdlərin və ya müəssisələrin müəyyən bir məbləği borc alaraq, müəyyən edilmiş bir müddət ərzində faiz ödəyərək geri qaytardığı maliyyə alətləridir. Banklar, kredit ittifaqları, maliyyə şirkətləri və digər maliyyə qurumları tərəfindən təmin edilən kreditlər, müxtəlif ehtiyaclar üçün istifadə edilə bilər. Bu ehtiyaclar arasında şəxsi xərclər, avtomobil alışı, təhsil, ev alışı və ya biznes genişləndirilməsi yer alır.
Bakıvaxtı.az xəbər verir ki, kredit alınması qaydaları ölkəmizdə müəyyən şərtlərlə təmin olunur.
Belə ki, hər bir bankın kredit vermə şərtləri fərqlidir. Ümumi olaraq isə kredit götürmək üçün aşağıdakı tələblərə cavabvermək lazımdır:
- sabit gəlir mənbəyi olması;
- kredit tarixçəsi (əvvəlki kredit ödənişləri, borclar və s.);
- kreditin ödənilməsi üçün təminat (bəzi hallarda əmlak girovu və ya zamin tələb olunur).
Lakin, ölkəmizdə bəzi banklar bu şərtlərdən kənar bəzi nüansları da əsas götürür. Bu barədə Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Daxil olan şikayət "Yelo Bank"la bağlıdır. Vətəndaş öz şikayətində bildirib ki, kredit əldə etmək məqsədilə banka müraciət etdiyi zaman ona bu hüquqdan istifadə edə bilməyəcəyi deyilib. Səbəb olaraq ona vətəndaşın çalışdığı şirkətlə sözügedən bank arasında əməkdaşlığın olmadığı arqument olaraq göstərilib.
Məsələnin nə dərəcədə qanuni olub-olmadığını araşdırmaq üçün Bakıvaxtı.az iqtisadçı və hüquqşünasa sorğu göndərib.
Natiq Cəfərli: Kreditin digər səbəblərdən verilməməsi qeyri-qanunidir
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan daxilində istənilən şəxs yuxarıda sadalağımız tələbləri qarşılayırsa, kredit əldə edə bilər:
"Azərbaycan Respublikasında vətəndaşların kredit əldə etməsi üçün üç nüans var: onun gəlir mənbəyi olmalıdır, kredit tarixçəsində gecikmələrə rast gəlinməməlidir və həmin şəxsin ya zamini olmalıdır, ya da hansısa əmlakını girov olaraq banka verməlidir. Digər səbəblərdən kreditin verilməməsi isə tam olaraq qeyri-qanuni hesab edilir".
Ayxan Məmmədli: Bankın müəyyən mənfəətlər səbəbindən kredit verməməsi fərdin bərabərlik hüququnu tapdalayır
Məsələnin hüquqi tərəfi ilə bağlı suallarımıza isə hüquqşünas Ayxan Məmmədli cavab verib. O da saytımıza bu halın qanunsuz olduğunu bildirib:
"Bu tipli hallar məsuliyyət təşkil edir. Bankın müəyyən mənfəətlər səbəbindən kredit verməməsi fərdin bərabərlik hüququnu tapdalayır. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində öz əksini tapıb. Düşünürəm ki, bu addım azad bazar iqtisadiyyatının hüquqi prinsipləri üçün təhlükəlidir".
Faktla bağlı "Yelo Bank"ın müştəri xidmətləri mərkəzinə də müraciət edilib. Müraciətə cavab olaraq bildirilib ki, yaşanan halda heç bir qanun pozuntusu yoxdur:
"Göndərilən sorğu ilə bağlı bildirmək istərdik ki, bankın öz siyasəti var. Qurumumuz tərəfindən müəyyən şirkətlərin əməkdaşlarına kredit verilmir. Bunun səbəbi isə həmin şirkətlərin bağlanmaq təhlükəsi ilə üz-üzə qalmasıdır. Qeyd olunan məsələdə heç bir qanun pozuntusu yoxdur".
Əli Hüseynov