“Binalar elə bir-birinə yaxın tikilib ki, sabah, Allah göstərməsin, orada yanğın baş versə, hətta yanğınsöndürmə maşını belə əraziyə çətinliklə daxil ola bilər. Mən hesab edirəm ki, bu, müəyyən mənada memarların və planlaşdırmanın səhvidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri memar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elçin Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqlədiyi İş Planı çərçivəsində keçirilən “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu gün müasir binalar inşa olunsa da, memarlıq yanaşmaları tam şəkildə dövrün tələblərinə uyğunlaşdırılmalıdır:
“Avtosalona gedib BMW markalı avtomobil almaq istəsək, bizə təbii olaraq 2026-cı ilin modeli təqdim olunacaq. Çünki yeni texnologiyalar, yeni dizayn və yeni materiallar tətbiq edilir. Heç kim bu gün 1913-cü ilin avtomobilini istehsal etmir.
Memarlıqda da eyni yanaşma olmalıdır. Əgər bu gün memar yeni bina layihələndirirsə, orada XXI əsrin memarlıq yanaşmaları, müasir texnologiyalar və yeni materiallar öz əksini tapmalıdır”.
Professor bildirib ki, ekoloji baxımdan binaların damında yaşıllıq zonalarının yaradılması vacibdir. Onun sözlərinə görə, “vertikal memarlıq” anlayışı artıq dünyada geniş tətbiq olunur və buna ən yaxşı nümunələrdən biri Bosco Verticale layihəsidir.
“2014-cü ildə inşa olunan həmin binadakı ağaclar və vertikal bağlar həm səs-küyün azaldılması, həm də havanın keyfiyyətinin yaxşılaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda, yağış sularının toplanması kimi ekoloji həllər də tətbiq edilir. Bunlar memarın konsepsiyasından və yanaşmasından asılıdır”, – deyə o vurğulayıb.
Elçin Əliyev qeyd edib ki, Azərbaycanda bəzən yeni tikilən binalar müasir olsa da, görünüş baxımından daş və aqlay vasitəsilə köhnə memarlıq üslubuna bənzədilir:
“Halbuki bu gün XXI əsrdir və memarlıq da dövrün tələblərinə uyğun inkişaf etməlidir. Hesab edirəm ki, memarlar yeni texnologiyalardan və müasir yanaşmalardan daha geniş istifadə etməlidirlər”.
Zeynəb Rzayeva
Bakı 




