• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bir olduqca, bir qaldıqca...

GÜNDƏM

03 Avqust 2021 | 10:14

Bir olduqca, bir qaldıqca...

Son və sonuncu (!) erməni-azərbaycanlı münaqişəsi alovlanalı təxminən bir qərinədir.

Bu 33 ilin ilk 6 ili həm də Azərbaycanda gərgin hakimiyyət-müxalifət qarşıdurmaları ilə əlamətdar olub: Vəzirov – AXC, Mütəllibov – AXC, Elçibəy – AXC və AKP şinelindən çıxan siyasi və hərbi müxalifət.

Hər üç qarşıdurma sonda müxalif qüvvələrin qələbəsi ilə başa çatıb.

Erməni-azərbaycanlı cəbhəsində vəziyyəti bizim xeyrimizə dəyişməyə qadir hakimiyyət formalaşdırmaq – hər üç siyasi mübarizənin ümdə hədəfi bu elan olunub. Amma ya dərhal, ya da bir müddət sonra cəbhədə bunun əksi baş verib.

Bəlkə o vaxtadək başqa heç bir ölkədə milli birlikdən bizdəki qədər danışılmayıb. Amma başqa heç bir ölkədə də sözlə əməl bizdəki qədər bir-birindən kəskin fərqlənməyib. “Biz bax bu yumruq kimi bir olmalıyıq” deyən kommunist rəhbər, siyasi leksikonumuza “konsensus” sözünü gətirən demokrat filoloq, “birləşin, amma mənim ətrafımda” iddiası ilə çıxış edən siyasətçilər və qiyamçı səhra komandirləri, barışdırıcı mövqe göstərən tək-tük ziyalılar...

Heç biri də uğur qazanmayıb.

Biz birlikdən danışa-danışa bir az da parçalanmışıq.

Çox xalqlar üçün birləşməyə göydəndüşmə səbəb sayılan xarici təhlükə Azərbaycan siyasətçilərinə hakimiyyət davası aparmaq bəhanəsi verib.

Ölkədə siyasi proses gedirdisə, təbii ki, xalqın rəğbətini qazanmaq və hakimiyyətə gəlmək uğrunda mübarizə aparılmalı idi. Eyni hadisələr Ermənistanda da baş verirdi. Amma onlar böhranlı vəziyyətlərdə bütün fikir ayrılıqlarını bir tərəfə qoyaraq düşmənə – bizə qarşı birləşməyi bacarırdılar.

Bizdə və onlarda olanların nəticəsi – ərazimizin 20 faizinin işğalı, yüz minlərlə məcburi köçkün, atəşkəs və 26 il davam edən biabırçı status-kvo.

Odur ki, biz Birinci Qarabağ müharibəsində uduzmağımızın ilk və əsas səbəbini o illərin hərb meydanında yox, siyasət arenasında axtarmalıyıq.

Necə ki İkinci Qarabağ müharibəsindəki qələbəmizin də ilk və əsas səbəbi siyasi fon oldu.

Azərbaycan bu dəfə müharibəyə həqiqətən vahid orqanizm şəklində – özünə arxayın və qətiyyətli Prezident, onun ətrafında sıx birləşmiş cəmiyyət, anın məsuliyyətini dərk edərək hakimiyyətə tam dəstək verən müxalifətlə başladı. Başladı və arxa cəbhədən heç bir əndişəsi olmayan döyüşən ordunun şücaəti ilə 44 günə qalib gəldi!

Hərbi qələbəmiz siyasi-diplomatik qələbəmizlə yekunlaşmadıqca – nə qədər ki Ermənistanla sərhədlərimiz birdəfəlik müəyyənləşməyib və sülh müqaviləsi bağlanmayıb, nə qədər ki  Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe edilməyib və Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımız dalğalanmır, nə qədər ki, erməni hərbi canilər azadlıqdadır, nə qədər ki köçkünlərimiz öz yurdlarına qayıtmayıblar, nə qədər ki, bölgədəki kommunikasiyalar tam gücüylə işləmir və nə qədər ki ərazimizdə rus sülhməramlıları qalır, hələ bir ermənilər Qərb sülhməramlılarının da gəlişi barədə arzularını orda-burda dilə gətirirlər – arxayınlaşmaq olmaz.

Siyasi-diplomatik qələbə 44 günə qazanılmır, məlumdur. Buna neçə “44 gün”lər sərf etmək lazım gələcək. Azərbaycan o 44 gündəki performansdan da artığını bu “44 gün”lərdə göstərməlidir – ilk növbədə Prezident, sonra da növbəylə hökumət, müxalifət, vətəndaş cəmiyyəti, mətbuat və nəhayət, sadə xalq.

Günbəgün dəyişən dünyanın çağırışlarına ancaq möhkəm və çevik, ağıllı, azad və agah siyasi millətlər cavab verə bilər.

Sosial, siyasi, etnik, regional, dini və məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar arasında, cəmiyyətdəki şaquli və üfüqi münasibətlərdə mümkün dərəcədə yüksək qarşılıqlı hörmət, razılıq, barışıq, anlaşma, ədalət və bütün bunların nəticəsi kimi yüksək qarşılıqlı etimad və etibar – baş tutmuş və uğurlu siyasi millət olmağın yolu, hər sahədə yüksəliş və irəliləyişimizin rəhni bunlardan başqa şeydirmi?

Dövlət başçımızdan tutmuş sonuncu vətəndaşımıza kimi bizi bunlar qədər başqa nə dost-düşmən yanında güclü edər? Nə?!

Milli birlik elə bir tarixi-mənəvi nailiyyətdir ki, onu heç bir maddi nemət əvəz edə bilməz.

Vətən müharibəsi günlərində, bəlkə də, tarixdə heç vaxt olmadığımız qədər bir olduq.

Bir olduq və gördük ki, ümummilli məsələdə bir olanda alınır.

Bir olduqca, bir qaldıqca, alınacaq, çox şey alınacaq!

Seymur Şahbaz-zadə

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026