• Bakı 20° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Böyük Qayıdışın hüquqi manifesti: Məcburi köçkünlük dövrü başa çatır

CƏMİYYƏT

04 Iyun 2026 | 14:10

Böyük Qayıdışın hüquqi manifesti: Məcburi köçkünlük dövrü başa çatır

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun dəyişiklikləri sadəcə hüquqi düzəlişlər deyil, ölkənin müasir tarixində yeni mərhələnin başlanmasını rəsmiləşdirən siyasi-hüquqi sənədlər toplusudur.

Müstəqilliyin ilk illərindən etibarən qəbul edilən qaçqın və məcburi köçkünlərlə bağlı qanunlar bir dövlətin faciə ilə mübarizə tarixini əks etdirirdi. Həmin qanunlar işğalın, yurd itkisinin və milyonlarla insanın sosial müdafiəsinin hüquqi bazasını formalaşdırmışdı. İndi isə ilk dəfə olaraq həmin hüquqi sistem köçkünlüyün idarə olunmasına deyil, qayıdışın və məskunlaşmanın təmin edilməsinə xidmət edir. Bu baxımdan Milli Məclisdə müzakirə olunan dəyişikliklər yalnız qanunvericilik aktı deyil, həm də Azərbaycanın postmünaqişə dövrünün siyasi manifesti kimi qiymətləndirilə bilər.

Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə vətəndaşlara veriləcək yaşayış sahələri artıq müvəqqəti istifadə və ya icarə münasibətləri üzərində qurulmur. Yeni yanaşma insanları öz evinin və torpağının tamhüquqlu sahibi kimi tanıyır. Bu, həm psixoloji, həm sosial, həm də iqtisadi baxımdan olduqca vacib dəyişiklikdir. Çünki uzun illər “məcburi köçkün” anlayışı ilə yaşayan insanlar artıq dövlət yardımından asılı sosial qrup deyil, öz mülkiyyətinə sahib və gələcəyini doğma torpağında quran vətəndaş statusu qazanırlar. Məhz bu məqam Böyük Qayıdış proqramını əvvəlki dövrlərdən fərqləndirən əsas xüsusiyyətdir.

Yeni qanunların digər mühüm tərəfi məcburi köçkün statusunun hüquqi cəhətdən dəqiq müəyyənləşdirilməsidir. İşğaldan azad olunmuş ərazilərdə mənzil alan və ya bu imkandan könüllü şəkildə imtina edən şəxslərin statusunun necə dəyişəcəyi artıq aydın şəkildə göstərilir. Bu isə gələcəkdə hüquqi qeyri-müəyyənliklərin qarşısını almağa xidmət edir. Eyni zamanda, dövlət sosial məsuliyyət prinsipindən də imtina etmir. Statusunu itirən vətəndaşlar üçün sosial müdafiə tədbirlərinin daha üç il davam etdirilməsi keçid dövrünün sosial risklərini minimuma endirməyə hesablanıb. Beləliklə, dövlət həm qayıdışı təşviq edir, həm də insanların yeni həyata adaptasiyasını təmin etməyə çalışır.

Bu dəyişikliklərin ən mühüm siyasi tərəfi isə onların milli yaddaş və dövlətçilik baxımından daşıdığı simvolik məzmundur. Otuz ildən artıq müddətdə Azərbaycan beynəlxalq tribunalarda qaçqın və məcburi köçkün problemi ilə tanınan ölkələrdən biri idi. Bu gün isə həmin statusların tədricən tarixə qovuşması Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsinin hüquqi nəticəsi kimi çıxış edir. Əgər əvvəlki qanunlar məğlubiyyətin yaratdığı sosial nəticələri tənzimləyirdisə, yeni qanunlar qələbənin yaratdığı yeni reallığı formalaşdırır.

Əslində, burada söhbət təkcə evlərin verilməsindən və ya sosial təminatdan getmir. Söhbət bütöv bir xalqın tarixi travmadan dövlət quruculuğu mərhələsinə keçidindən gedir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni şəhərlərin və kəndlərin salınması, infrastrukturun yaradılması artıq hüquqi müstəvidə də öz əksini tapır. Buna görə də Milli Məclisdə müzakirə olunan qanun dəyişiklikləri gələcəkdə Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas hüquqi sütunlarından biri kimi qiymətləndiriləcək. Bu sənədlər yalnız bir dövrü bağlamır, eyni zamanda qalib Azərbaycanın yeni yüzilinin hüquqi əsaslarını formalaşdırır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

03 Iyun 2026