Bu gün Novruz bayramından öncə qeyd edilən sonuncu çərşənbə - Torpaq çərşənbəsidir. Xalq arasında bu günə “Axır çərşənbə”, “İlaxır çərşənbə” və ya “Yer çərşənbəsi” də deyilir.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Bakıvaxtı.az-a İlaxır çərşənbənin tarixindən danışıb. Onun sözlərinə görə, bu çərşənbə həm təbiətin oyanışını, həm də həyatın yenilənməsini simvolizə edir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaqla yanaşı, mifoloji və mənəvi baxımdan da müqəddəs sayılır. Türk mifoloji görüşlərində torpaq yurd, vətən, el-oba anlayışları ilə yanaşı, yaradılışın maddi əsası kimi qəbul edilir:
"Bayram hazırlıqları ən azı bir ay əvvəldən başlayır. Evlər, həyətlər təmizlənir, paltar-palaz, qab-qacaq yuyulur. Hər kəsin yeni paltar geyinməsi üçün çalışılır. İnanclara görə, İlaxır çərşənbədə hər şey təmiz və yenilənmiş olmalıdır. Xalq arasında belə bir inam var ki, il dəyişərkən insan da özünü təmiz və yeni bir dövrə hazır etməlidir".
Folklorşünas İlaxır çərşənbənin ənənələri haqqında da bəhs edib:
"Bu çərşənbədə süfrəyə cürbəcür şirniyyatlar düzülür, tonqallar qalanır, çalıb-çağırmaq, şənlik etmək vacib sayılır. Xalq inanclarına görə, bu adətlər yeni, işıqlı günləri qarşılamaq məqsədi daşıyır. Hər kəs bu gün təzə geyinməli, köhnə paltarlarından qurtulmalıdır, çünki köhnə ilin ağrılarından və kədərindən uzaqlaşmağın yolu təzələnməkdir.
Qapı-qapı gəzmək" və "Şal atmaq" da bu çərşənbənin ənənəvi adətlərindəndir. Axşamüstü uşaqlar və gənclər xurcun və ya şal götürüb qonşu evlərə gedir, bacadan və ya pəncərədən içəri atır, bayram payı istəyirlər. Ev sahibləri onlara boyanmış yumurta, şirniyyat və digər hədiyyələr qoyur.
Bayram axşamı süfrə bolluq və bərəkətin simvolu kimi zəngin hazırlanır. İnanclara görə, hər kəs həmin axşam öz evində olmalıdır, əks halda 7 il bayramı evində qarşılamayacaq. Bu gecə insanlar şən və pozitiv olmalı, dərd-qəm unudulmalıdır".
Elyar İslamoğlu, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Müsahibimizin sözlərinə görə, səməni təkcə cücərdilib süfrəyə qoyulmur, həm də ondan xüsusi şirniyyat - səməni halvası bişirilir. Bu proses böyük təcrübə tələb etdiyindən, xüsusi səriştəsi olan qadınlar tərəfindən aparılır:
“Əvvəlcə buğda isladılır, cücərir, sonra isə doğranıb əzilir və suyu sıxılır. Daha sonra bu su bir neçə gün mis qazanlarda qaynadılaraq şirin halva hazırlanır. Halvanın şirinliyi onun qəbul olunub-olunmamasını göstərir – şirin olarsa, uğur gətirəcəyinə inanılır".
Torpaqla bağlı atalar sözləri
"Torpağa əyilən, namərdə əyilməz".
"Torpağa xor baxsan, o sənə kor baxar".
"Torpaq müqəddəsdir".
"Sular hərəkətlidir, torpaq bərəkətlidir".
"Torpaq deyər: 'Sən mənə tər ver, mən sənə zər verim!"
İlaxır Çərşənbə ilə bağlı inanclar
Bu gün təzə evə köçmək bəd əlamət sayılır.
Axır çərşənbə axşamı küsülülər barışmalıdır.
Bu gecə nəhs sözlər danışmaq olmaz.
Ərə verilən qızı tonqalın ətrafında fırladıb “Qoy odlu-ocaqlı olsun!” deyirlər.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Torpaq çərşənbəniz, İlaxır çərşənbəniz mübarək olsun!
Süfrənizin ruzi-bərəkətli, arzu-niyyətlərinizin çin olması diləyi ilə,
Nuriyyə Musayeva