“Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq”.
Baklıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü açıqlayıb.
Onun sözlərinə görə, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir.
"Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”, - deyə Kəbutər Mövsümlü bildirib.
"Hansı dərmanlar üçün rəqəmsal resept tələb olunmayacaq" sualını cavablandıran K.Mövsümlü bildirib ki, qida əlavələri üçün rəqəmsal reseptə ehtiyac olmayacaq.
Günəş Mərd
















