“Əgər Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın xarici siyasət yönünü Rusiyadan uzaqlaşdırıb Qərbə tərəf dəyişmək istəyirsə, nə üçün Türkiyə sərhədi boyunca piyada gəzintilərə çıxmaq əvəzinə, mübahisəli Zəngəzurda siyasi alpinizmlə məşğul olur?!”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.
O bildirib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannamənin 9-cu maddəsini icra etməyi İrəvana məhz Rusiya qadağan edib.

Tofiq Zülfüqarov: Tarixi faktların publisistik təqdimatı “antirusiyaçı” Paşinyan obrazının mif olduğunu sübut edir
“Biz bunu çox gözəl anlayırıq" deyən sabiq baş diplomat bildirib ki, üstəlik, bunu edən artıq “üçüncü Rusiya”dır. Onun sözlərinə görə, “Birinci Rusiya” işğal olunmuş İrəvan xanlığının xarabalıqları üzərində erməni vilayətini yaradan Rusiya imperiyası idi:
"“İkinci Rusiya” Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 7 ay sonra Zəngəzuru sözdə “Ararat respublikası”nın qalıqlarına verən bolşevik Rusiyası idi. “Üçüncü Rusiya” isə Zəngilan və Laçında irəliləyən Azərbaycan qoşunlarının qarşısına öz hərbçilərini göndərən “Putin Rusiyası” oldu. Üstəlik, onlar orada Ermənistan bayrağını deyil, Rusiya bayrağını qaldıraraq kimin “ağa” olduğunu nümayişkaranə şəkildə göstərməyə çalışmışdılar".
Müsahibimizə görə, tarixi faktların bir qədər publisistik təqdimatı “antirusiyaçı” Paşinyan obrazının bir mif olduğunu aydın şəkildə sübut edir:
"Bu mif isə Qafqaz dağlarının arxasına çəkilmiş imperiyanın sonuncu mövqelərini qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil”.
Aydın Baxış
Bakı 



