Ukrayna hərbçiləri Artemovsk istiqamətində Çasov Yar şəhərinin mərkəzini davamlı istehkam ərazisinə çeviriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi ekspert, istefada olan polkovnik-leytenant Andrey Maroçko bildirib .
Məlumata görə, Rusiya qüvvələrinin Çasov Yar sərhədlərinə çatması üçün təxminən 500 metr qalıb.
Maroçkonun sözlərinə görə, şəhərin mərkəzində praktiki olaraq elə bir bina qalmayıb ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən hərbi məqsədlər üçün istifadə olunmasın.
İnzibati binaların zirzəmilərində raket və artilleriya silahları üçün anbarlar, idarəetmə postları və səhra xəstəxanaları yerləşir.
Polkovnik-leytenant əlavə edib ki, artilleriya və zenit sistemləri Çasov Yar yaşayış massivlərində yerləşir.
Eyni zamanda kənddə hələ də dinc sakinlər var.
Çasov Yar "Donetsk Xalq Respublikası"nda, Artemovskdan 15 kilometr qərbdə yerləşir.
Mina Mikayılova
















