Bu gün Çin və Rusiya donanmaları Çinin şərqindəki Şandun əyalətinin Çindao şəhərindəki dəniz bazasında "Birgə Dənizçilik 2026" birgə təliminə başlayıblar. Təlim qüvvələrin toplanması, liman planlaşdırması və dəniz əməliyyatları olmaqla, üç mərhələdə keçiriləcək.
Birgə komandanlıq təlimin dəniz mərhələsi ilə bağlı əsas məsələlər üzrə ətraflı müzakirələr aparıb. Növbəti mərhələdə iştirakçı hərbi gəmilər birgə kəşfiyyat, hava və raketdən müdafiə, silah təlimi kimi sahələrdə təlimlər keçirmək üçün Çinqdao yaxınlığında üzəcəklər.
Sözügedən təlimi ABŞ-yə mesaj kimi qiymətləndirmək olarmı? Çin-Rusiya hərbi yaxınlaşması geosiyasi aləm üçün nə vəd edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Çin-Rusiya təlimləri əslində strateji yaxınlaşmaq da deyil. Sadəcə olaraq, regionda mövcud olan risklərin azalmasına yönələn bir addımlardır:
"İş orasındadır ki, bu təlimlər ara-sıra həyata keçirilir. Yəni Rusiya və Çin, eyni zamanda, son vaxtlar hətta İranın hərbi donanması da təlimlər keçirirdi. Müharibəyə qədər o vaxt İranda hərbi donanma var idi, amma indi yoxdur. Çin Xalq Respublikası və Rusiya göstərmək istəyirlər ki, onların da hərbi sahədə, yaxud da hərbi dəniz sahəsində əməkdaşlığı var. Bu əməkdaşlıq, lazım gəlsə, hər iki ölkənin maraqlarına qarşı çıxan ölkələrə qarşı istifadə oluna bilər".
İ.Vəlizadə hesab edir ki, hazırda bu ölkələrin arasında hərbi donanmaların koordinasiyasından danışmaq olar. Lakin bu, heç də o anlama gəlmir ki, bu ölkələr axıra qədər birgə fəaliyyət göstərəcəklər və ya onların vahid hərbi-strateji mövqeyi var.

İlqar Vəlizadə: Amerikanın strateji müttəfiqləri tam fərqli bir alqoritmlə fəaliyyət göstərirlər
Onun sözlərinə görə, çox maraqlı bir vəziyyət yaranır ki, bir tərəfdən sözügedən təlimlər keçirilir, digər tərəfdən isə təlimlər o demək deyil ki, bu ölkələr hansısa hərbi-siyasi və konkret hədəflərə qarşı addımlarını atırlar:
“Çünki hər iki ölkənin hərbi-siyasi hədəfləri fərqlənir. Baxmayaraq ki, ümumiyyətlə təhlükəsizlikdən, koordinasiya şəklində fəaliyyətlərindən danışırlar, amma onların hərbi-siyasi mövqeyi və yaxud hədəfləri fərqlənir. Bu, ölkələrin siyasətini səciyyələndirən amildir. Ona görə də birmənalı olaraq bu təlimlərə yanaşmaq düzgün olmazdı. Yenə də tərəflərin maraqları bəzi hallarda fərqlənir, digər hallarda bir-birinə uyğun gəlir. Bütün hallarda koordinasiya hər iki ölkə üçün vacibdir. Bu koordinasiya hər iki ölkəyə öz hərbi hazırlıqlarının artırılmasına köməklik göstərir".
İ.Vəlizadənin fikrincə, Amerikanın strateji müttəfiqləri tam fərqli bir alqoritmlə fəaliyyət göstərirlər:
"Onların hərbi-siyasi hədəfləri birdir, yəni fərqlənmir. Və beləcə, çox təzadlı bir vəziyyət yaranıb. Bütün hallarda bu təzadlı vəziyyət müasir geosiyasi landşaftın tərkib hissəsidir və bunu olduğu kimi qəbul etməliyik".
Gülşən Şərif
Bakı 



