• Bakı 15° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

D-8-in Bakı mesajı: saxta xəbərlərə qarşı birgə mübarizə zərurətə çevrilib

CƏMİYYƏT

21 Noyabr 2025 | 15:23

D-8-in Bakı mesajı: saxta xəbərlərə qarşı birgə mübarizə zərurətə çevrilib

“İndiki qlobal vəziyyətdə Bakıda D-8 Media Forumunun keçirilməsi çox vaxtında və çox vacib addımdır”.

Bunu Bakıvaxtı.az-a Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, biz elə bir dövrdə yaşayırıq ki, informasiya müharibələri real müharibələrdən də təhlükəli hala gəlib:

"Mənim də beynəlxalq platformalarda uzun illər apardığım müşahidələr göstərir ki, qlobal miqyasda dezinformasiya sürəti, yayılma radiusu və təsir gücü son 5 ildə həqiqətən çox artıb. Elə BMT-nin öz statistikası deyir ki, bu müddətdə dezinformasiya kampaniyalarının sayı 70 faiz artıb. Mən bunu təkcə rəqəm kimi yox, gündəlik işimdə üzləşdiyim real təhlükə kimi görürəm. Təcrübəmdə belə hallar çox olub. Bir yanlış xəbər bir saatın içində 5 ölkəyə yayılır və artıq onu düzəltmək üçün saatlarla vaxt gedir. Dünya Bankı da təsdiqləyir ki, saxta xəbərlərin iqtisadi təsiri ildə 78 milyard dollardan çoxdur. Yəni dezinformasiya artıq ölkələrin inkişafına da təsir göstərir”.

Əhməd Şahidov: D-8-in Bakıda yeni əməkdaşlıq modelləri qurması bütün region üçün əhəmiyyətlidir

Müsahibimiz qeyd edib ki, belə bir şəraitdə D-8 ölkələrinin, ümumilikdə 1,1 milyard əhalisi olan böyük bir blokun Bakıda bir araya gəlməsi çox ciddi mesajdır. Dediyinə görə, bu forum sadəcə media tədbiri deyil, həm də təhlükəsizlik, diplomatiya və strateji kommunikasiya baxımından önəmli bir görüşdür:

“Tədbirdə 150 nümayəndənin iştirakı da göstərir ki, hər kəs bu reallığı görür və narahatdır. D-8 ölkələrinin Bakıda toplanması, təhdidləri açıq müzakirə etməsi və yeni əməkdaşlıq modelləri qurması yalnız media üçün deyil, bütün region üçün əhəmiyyətlidir".

Qeyd edək ki, Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir. Mərasimdə Azərbaycan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan media nümayəndələri, diplomatlar və digər şəxslər iştirak edirlər.

D-8 Media Forumu üzv dövlətlər arasında daha sıx əlaqələr qurmaq üçün müxtəlif regional və qlobal məsələlərə dair baxışların bölüşülməsi və ortaq D-8 kimliyini gücləndirən uğur hekayələrinin önə çıxarılması üçün bir platforma yaratmağı hədəfləyir. Forum həmçinin jurnalistləri və media rəhbərlərini bir araya gətirərək birgə layihələrə başlamaq, təcrübə mübadiləsi aparmaq və transsərhəd əməkdaşlığı genişləndirmək niyyətindədir. Forum yüksək dəqiqlik və etik standartlara sadiqliyini qoruyacaq, medianı sosial həmrəyliyə, təhlükəsizliyə və iqtisadi inkişafa töhfə verən əsas vasitə kimi mövqeləndirəcək. İştirakçılar dezinformasiya ilə mübarizə üçün fakt-yoxlama tərəfdaşlıqları, media savadlılığı və xüsusilə rəqəmsal sahədə ən yaxşı təcrübələr üzrə kollektiv bilik mübadiləsi vasitəsilə koordinasiya olunmuş strategiyalar hazırlayacaqlar.

Onu da bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı hazırda doqquz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Azərbaycan D-8-in 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən XI Sammitində təşkilatın üzvü seçilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, və Nigeriya təmsil olunur.

Aydın Baxış


SON XƏBƏRLƏR