Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib. Müraciət edənlərin 52-si dərmandan zəhərlənib.
Bəs dərman zəhərlənmələrinin səbəbi nədir? Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan tibbi ekspert Rasif Bağırov bildirib ki, çox vaxt dərman zəhərlənmələri bilərəkdən intihar məqsədi ilə qəbul edildikdə olur: “Az hallarda xəstə bilmədən dərmanı həddindən çox qəbul edir və bu səbəbdən zəhərlənir”.
Onun sözlərinə görə, dərman təmiz olmadıqda da müəyyən reaksiyalar olur: “Ancaq qeyd etdiyim kimi, zəhərlənmə intihar məqsədilə içilən dərmanlardan da ola bilər”.
Dərman zəhərlənmələrini dərmanların keyfiyyətsiz olması ilə əlaqələndirənlər da az deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Bakıvaxtı.az-a bildirib ki, ölkədə dərmanlarla bağlı problem var: “Birinci problem budur ki, yerli dərman istehsalı yox dərəcəsindədir. Yerli dərman istehehsalının preparatları ilə bağlı statistik məlumatları araşdıranda görürük ki, bunun içində heç də dərmandan söhbət getmir”.
Azərbaycanda müəyyən texniki bazası olan, dövlət hesabına yaradılmış, yerli dərman istehsal etməyə qabil olan şirkətin olduğunu deyən AİB sədri bildirib ki, ancaq nədənsə, onlar şpris kimi çox sadə məhsulların istehsalı ilə məşğul olur: “Halbuki həmin şirkətlər ciddi dərman istehsalına keçid edə bilər. Dövlət dəstək verməlidir ki, yerli dərman istehsalına başlanılsın. Əgər yerli dərman istehsalı başlasa, həm daha etibarlı olar, həm də diqqətlə yoxlanılar”.
E.Hüseynov bildirir ki, ən müxtəlif ölkələrdən Azərbaycana dərmanlar gətirilir, qaçaq mal dərmanları da istisna olunmur: “Apteklərdə bəzi dərman preparatlarının içliyi Azərbaycan dilində deyil. Bu o deməkdir ki, həmin dərmanlar qaçaq mal dərmanlarıdır”.
AİB sədri onu da deyib ki, statistikada zəhərlənmələrin daha çox hansı dərmanlardan baş verdiyi haqqında məlumat verilsə, yaxşı olar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki. əvvəla, dərman zəhərlənməsi ekspertiza ilə təsdiq edilməlidir: “İkincisi, əgər doğrudan da, bu, dərman zəhərlənməsidirsə, birbaşa dərman bazarının xaotik vəziyyətdə olmasının göstəricisidir. Dəfələrlə qeyd etmişik ki, ölkədə dərman maddələrinin ictimaiyyətə açıq olan dövlət reyisteri yoxdur”.
A.Qeybullanın sözlərinə görə, Azərbaycana daxil olan dərman maddələri çox aşağı keyfiyyətli parametrlərlə xarakterizə olunur: “Bu, artıq çoxsaylı şikayətlər nəticəsində sübut olunub. Əgər bu qədər narazılıq varsa, heç də əsassız deyil. Təəssüflər olsun ki, heç bir reaksiya yoxdur, bu proses belə də davam edir”.
Professor deyir ki. pandemiya dövrü korporativ maraqların hər şeyi üstələdiyin bir daha göstərdi: “Bu baxımdan, bu proses indi də davam edir. Yalnız pul qazanmaq əsasdır. Yəni, əslində, dərman təhlükəsizliyi konsepsiyası ölkəmizdə milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olana qədər bu proses davam edəcək”.
Aytac Aslan
















