Azərbaycanın tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mouze" Teleqram kanalı məlumat yayıb.
"Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub", - məlumatda bildirilir.
Qeyd edək ki, Şeyx Molla Əhməd tanınmış din xadimi olub.
Əlbəttə, bir müddətdir ki, ölkəmizdə İran agentura şəbəkəsi ilə bağlı ciddi tədbirlər görülür. Amma görünən odur ki, adıçəkilən agentura şəbəkəsi ölkəmizdə dərin qatlara işləyə bilib.
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanla söhbətləşdik. O, İran agentura şəbəkəsinin Azərbaycana ayaq açması, genişlənməsi və dərin qatlara işləməsi məsələsi, eləcə də onun qarşısının alınmasından danışıb.
- Tural bəy, ölkəmizdə din xadimlərinin “İran sevdası” niyə bitib-tükənmir?
- Ölkəmizdə din xadimlərinin böyük əksəriyyəti İran təsirindədir. Demək olar ki, bütün axundlar İrandakı, yaxud İran əsilli müctəhidləri təqlid edirlər. Onların fətvaları ilə oruc tutur, iftar açırlar. Belə olduqda təbii ki, həyatlarını da onların fətvalarına uyğun yaşayacaqlar.
Uzun illərdir, İran din adı altında ölkəmizdə öz şəbəkəsini qurdu, din xadimi qiyafəsində fiqurlar yetişdirdi. Hətta elə adamlar formalaşdırdı ki, onlar az qala dinin başına keçməyə namizəd idilər. Uzun illər dedik, yazdıq, təklif verdik, tənqid etdik, xeyri olmadı. Əksinə özümüz işsiz qaldıq, ölkə daxilində dini təhsil aldığımız üçün, İranı təqlid etmədiyimiz üçün ilahiyyat sahəsində bu günə kimi çalışmağımıza imkan verilmir, şərait yaradılmır. Hələ də bəzi dini vəzifələrə İranı təqlid edənləri, hələ də xaricdə təhsil alanları təyin edirlər.
- İran bu prosesi necə qurub?
- İran elə bir şəbəkə yaradıb ki, bu şəbəkə dini tədbirlə desək, təqiyyə - özünü gizlətmə əqidəsinə əsaslanır. Yəni, ziyarət adı ilə İrana aparılan şəxslər, buradakı missionerlərinin əli ilə təsirə salınıblar. Qumda təhsil alıb gələnlər molla və din xadimlərindən savayı, cəmiyyətin iliyinə daxil olmaq üçün taksi sürücüləri, dəlləklər, satıcılar, müxtəlif peşə sahibləri arasında da öz şəbəkələrini qurublar. Hətta müyyən qurumların, təşkilatların, dini icmaların üzvləri, rəhbərləri belə dolayı yolla da olsa, İran siyasi sisteminin xadiminə çevrilib.
- Bu boşluqlar nə zaman buraxılıb?
- Mənə elə gəlir ki, boşluq çoxdan buraxılıb. Əvvəllər din məsələsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əlində olub. Dini Komitə yaranan kimi bu idarə İranın dini sistemini tamamilə məscidlərə oturmuşdu, sonra da gec oldu. Bu saat bir çox axundlar yalnız İran dini sistemindən öyrəndiklərini danışırlar. Bakı İslam Universitetinin məzunlarının diplomunu tanımaqdan imtina etməklə İranda təhsil alanlara münbit şərait yaratdılar. Gizli əllər işləyir. İran Həsən Səbbahın Ələmut qalasında qurduğu sayaq bir sistem qurub. Din məsələsi ilə oyun olmaz, bunu kökündən milliləşdirmək lazımdır.
- Oğlu İrana işləyən din xadimi bunu görməyibmi, eşitməyibmi?
- Haqlı sualdı. Bu adam necə məşhur din xadiminə çevrilib? Niyə milli düşünən, yerli təhsil alan, dövlətə xidmət edən şəxslər məşhur din xadimi ola bilmir? Çünki İran vaxtilə din sistemini təsir altına alıb, öz adamlarını, onu təqlid edənləri yeridib.
Elə çalkeçir, qaranlıq şəbəkə qurublar ki, hətta qadınlardan ibarət də şəbəkələri var. Qumda illər əvvəl təhsil adı altında təlim verib yolladıqları adamlar var ki, bu gün özünü gizlədib müasir, dünyəvi "ziyalı", maarifpərvər kimi cəmiyyətə tanınır, hamı da onu dinləyir. Ancaq nadir adamlar bilir ki, o kimi şəxslər dünyəvi təbliğatın içində psixoloji, gizli mesajlar ötürürlər insanların şüuruna. İndidən gələcək üçün baza hazırlayırlar. İlk pilləni keçirlər ki, artıq sonrakı şəxs də ikinci pilləni həyata keçirsin. Bax belə yeriyib İran cəmiyyətin iliyinə. İndən belə uzun illər lazımdır ki, İranın ölkəmizdə yeritdiyi məzhəbçi, şovinist, radikal, xurafata bürünmüş siyasi zəhərindən cəmiyyətimiz şəfa tapsın.
- Bundan xilas yolunu nədə görürsünüz?
- İranda, əsasən də Qumda təhsil almış, təlim keçmiş bütün şəxslər din xadimi vəzifəsindən azad edilməlidir. İranda siyasi fəaliyyətdə olan ali din xadimlərini təqlid edən din xadimləri dərhal vəziflərindən çıxarılmalıdırlar. Bütün idarə və təşkilatlarda namaz qılanların kimə, hansı xarici ölkədəki ali din xadiminə təqlid edib onun fətvaları ilə durub - oturduğu araşdırılmalı, nəzarətə alınmalıdır. Qafqaz Müsəlmanları İdarəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və dini icmalarda fəaliyyət göstərən şəxslər içərisində İranda təhsil alanları, ordakı siyasi sistemə təqlid edənləri araşdırmaq lazımdır. İraqdakı fars əsilli üləmaya qulluq edənlər də araşdırılmalıdır.
Məscidlərə yerli təhsil alan və İran müctəhidlərinə təqlid etməyən milli ilahiyyatçılar təyinat almalıdır.
- Azərbaycandakı din idarələrində fəaliyyət göstərən Qazılar Şurası, Fətva Komitəsi nəyə gərəkdir?
- Orucluq başlayanda İrana baxırlar ki, görək Ayın doğmasını ağalar haçan elan edəcək. Çünki bu şuralarda üzv olanların çoxu İranı təqlid edir. İran elə bir qondarma sistem yaradıb və bizim sadəlövh dindarları inandırıb ki, guya müctəhidi təqlid etməsən namazın, niyazın batildir. Bəs müctəhid kimdir? O da ancaq İranda ola bilər. Bizim idarələr də aciz və naçar vəziyyətə dindarlarımızı buraxıblar İran mollalarının risalələrinin ixtiyarına. Belə iş olar? Əlbəttə oradakı mollaya müqəllid olan adamın, ruhaninin oğlu da agent olacaq, hələ özü də.
İrana, ümumiyyətlə hər hansı xarici ölkəyə din adı altında xidmət edən, agentlik edən şəxslər ən sərt şəkildə cəzalanmalıdır. Dini idarələrdə də islahatlar, hətta həbslər həyata keçirilməlidir. Dövlətin taleyi ilə oynamaq olmaz. Azərbaycan dünyəvi, hüquqi dövlətdir və burada dinə həddən artıq azadlıq verilib. Bu azadlıqdan sui-istifadə edərək, xəyanət edənlər əsl, saf dindarların haqqında da mənfi obraz, şübhə yaradırlar. Ona görə təhlükəsizlik orqanları ən sərt şəkildə tədbirlər görməlidir.
- Bəzi dini kitabların ölkəmizə gətirilməsi yasaqlanıb, amma…
- Dini təbliğat düzgün qurulmayıb ölkədə. Hələ də xaricdən gələn, tərcümə olunan kitablar yayılır, satılır. Hələ də məscid axundları xütbələrdə, məscid minbərlərində ideoloji cəhətdən İranın ortaya qoyduğu, din adlandırdığı yarı siyasi təbliğatı aparır.
Onlarla milli təhsil almış, dövlətçi, vətənpərvər ilahiyyatçı tanıyıram ki, işsiz qalıb, onların potensialından istifadə edilmir. Ancaq İranda 10 il, 15 il "oxuyanlar" ölkənin ən məşhur məscidlərində moizə oxuyurlar.
Din sahəsində köklü, sistemli islahatlar aparılmalıdır, dini idarə və məscid rəhbərliyində xaricə bağlı olan, hətta xaricdə təhsil alan, xaricdən təsirlənən, başqa ölkənin din modelini ölkəmizə sırıyan bircə adam da qalmamalıdır. Əks halda “bu xəmir çox su apara bilər”.
Ayyət Əhməd