Əksər hallarda 0–5 yaş arasında uşaqlarda düzayaqlılıq müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva deyib.
Onun sözlərinə görə, bu yaş dövründə uşaqlarda ayaq əzələləri və bağ toxumaları hələ tam formalaşmadığı üçün ayaq tağları görünməyə bilər.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət adətən 6–7 yaşlarında təbii şəkildə düzəlir.
“Lakin bəzi hallarda düzayaqlılıq patoloji xarakter daşıya və uşağın gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər. Əgər uşaqda ayaqlarda və ya topuqda ağrı, tez yorulma, balanssızlıq, tez-tez yıxılma və ya ayaqqabının qeyri-bərabər aşınması müşahidə olunursa, bu zaman ortopedik qiymətləndirmə vacibdir”, – deyə o bildirib.
Aytən Musayeva əlavə edib ki, ortopedik içliklər, ayaq əzələlərini gücləndirən məşqlər və ayaqyalın gəzmək kimi tədbirlər vəziyyəti yüngülləşdirməyə kömək edə bilər.
Mina Mikayılova