Xəbər verdiyimiz kimi, Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı diqqətçəkən məqamlardan biri arxa planda Bəylər Əyyubovun görünməsi olub.
Xatırladaq ki, Bəylər Əyyubov bir müddət əvvəl Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi vəzifəsindən azad edilərək Prezidentin Katibliyinin rəisi təyin olunub.
Etibarlı mənbədən Bakıvaxtı.az-a daxil olan məlumata görə, onun Əbu-Dabi səfərində iştirakı da məhz Prezidentin Katibliyinin rəhbəri kimi vəzifə səlahiyyətləri ilə bağlı olub. Yəni, Bəylər Əyyubovun həmin görüşdə olması artıq PTX rəhbəri kimi deyil, Prezidentin Katibliyinin rəisi statusundadır.
Qeyd edək ki, Prezidentin Katibliyinin rəhbəri dövlət başçısının səfərləri zamanı protokol və təşkilati məsələlərlə bağlı müşayiət edən əsas fiqurlardan biri sayılır.
Əli Hüseynov